Accessibility links

Ukraynanın müdafiə naziri istefa ərizəsini Ali Radaya təqdim edib


Ukraynanın müdafiə naziri Aleksiy Reznikov
Ukraynanın müdafiə naziri Aleksiy Reznikov

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa ərizəsini Ali Radanın sədrinə təqdim edib. Reznikov bu barədə açıqlamanı bazar ertəsi səhər əvvəllər Twitter kimi tanınan X platformasında verib.

"Mən Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuka istefa məktubu təqdim etmişəm. Ukraynanın müasir tarixinin ən çətin dövründə, son 22 ayda Ukrayna xalqına və ölkə ordusuna xidmət etmək mənim üçün şərəf idi" - deyə, Reznikov açıqlamasında bildirib.

"Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərin 50 faizdən çoxu artıq azad edilib. Müdafiəçilərimiz hər gün irəliləyir. Ukraynanın Avropanın şərqdəki qalxanı olduğu anlayışı var", Reznikov deyib.

Ukraynanın Londondakı səfiri olacağı ehtimal edilən Reznikov bildirib ki, o, əsas müttəfiqlərlə uzunmüddətli tərəfdaşlıq qurmağı və "real təhlükəsizlik qarantiyalarını" Kyivin əsas prioritetlərindən biri kimi görür.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü ölkənin müdafiə nazirinin dəyişdirilməsi qərarını açıqlayıb. "Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var", Zelenski axşam video-müraciətində deyib.

Reznikovun istefası müharibə zamanı Ukraynanın müdafiə sistemində edilən ən böyük kadr dəyişikliyidir.

Zelenski ölkənin Müdafiə Nazirliyinə rəhbərliyi Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerova təklif edib. Umerovun namizədliyi Ali Rada tərəfindən təsdiqlənməlidir.

41 yaşlı Krım tatarı Rustem Umerov Ukrayna hökumətinin 2020-ci ildən Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımın işğaldan azad edilməsi strategiyası üzərində işləyən xüsusi qrupunun üzvüdür.

O zaman avropayönlü "Qolos" partiyasından deputat olan Umerov 2022-ci ilin sentyabrında Dövlət Əmlak Fonduna rəhbər təyin edilib. O həmçinin Qara Dəniz Taxıl Təşəbbüsü və hərbi əsirlərin mübadiləsi üzrə danışıqlarda, o cümlədən 2022-ci ildə Mariupol uğrunda döyüşlər zamanı əsir düşən Azov döyüşçülərinin taleyi ilə bağlı danışıqlarda iştirak edib.

Forum

XS
SM
MD
LG