Accessibility links

Bayden: Qərb Rusiyanın Ukraynadakı hücumlarını azaldıb-azaltmayacağını gözləyir


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı bildirib ki, Qərbin müttəfiq dövlətləri Rusiyanın Ukraynanın paytaxtı Kyiv və şimaldakı Çernihov şəhəri ətrafında hücumları azaltmaq öhdəliyini yerinə yetirib-yetirməyəcəyini gözləyir.

Bayden Britaniya, Fransa və İtaliya liderləri ilə telefonla danışdıqdan sonra "Onların əməl edib-etməyəcəyini görəcəyik. Görünür onların nə təklif etdiklərinin konsensusu var, baxaq" deyib.

Bayden Ağ Evdə jurnalistlərə şərhlərini çərşənbə axşamı Türkiyədə keçirilən sülh danışıqlarının son raundunda Rusiya hərbçilərinin Kyiv və Çernihov ətrafında əməliyyatları azaldacaqlarını demələrindən sonra verib.

Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bu addımın döyüşlərin dayandırılmasına yönəlmiş danışıqlara “etimadı artırmaq” məqsədi daşıdığını bəyan edib.

Pentaqon "az sayda" rus qüvvələrinin Kyivdən uzaqlaşmağa başladığını təsdiqləsə də, prezidentdən daha çox skeptisizmlə yanaşıb.

"Biz hesab edirik ki, bu, həqiqi geri çəkilmə deyil, yer dəyişdirilməsidir" - deyə, Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

O, “Biz Rusiya Müdafiə Nazirliyinin bu bəyanatı ilə paytaxt üçün təhlükənin köklü şəkildə azaldığına əmin deyilik” - deyə, əlavə edib.

Rusiya qüvvələri Ukrayna döyüşçülərinin şiddətli müqaviməti qarşısında irəliləyə bilməyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, rus qoşunları diqqəti Ukraynanın şərqindəki separatçı Luqansk və Donetsk rayonlarının daxil olduğu Donbasa yetirəcək. Onun sözlərinə görə, Moskva Ukraynanın hərbi potensialını azaltmaq da daxil olmaqla, “xüsusi hərbi əməliyyatının” birinci mərhələsini başa vurub.

Pentaqonun mətbuat katibinin dediyinə görə, rus qoşunları şimal və cənubdakı hərbi kampaniyada “dalana dirəndikdən” sonra diqqətini və fəallığını şərqdə artırıb.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi jurnalistlərə Ukrayna qoşunlarının Sumı şəhərinin şimal-şərqindəki Trostyanets şəhərini geri aldığını bildirib. Ukrayna prezidenti Volodimir Zelenski isə bazar ertəsi gecə etdiyi çıxışında Ukrayna ordusunun Kyiv yaxınlığındakı İrpini azad etdiyini deyib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbulda danışıqlar başlamazdan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətinə deyib ki, konkret razılığa gəlmək və ”bu faciəni dayandırmaq” hər iki tərəfin öhdəliyindədir.

Zelenskinin köməkçisinin bildirdiyinə görə, çərşənbə axşamı danışıqlar zamanı hər iki tərəf mümkün atəşkəs şərtlərini və Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarını müzakirə edib.

XS
SM
MD
LG