Accessibility links

Ukrayna Rusiyanın mülki əhalisinin Rusiya və Belarusa təxliyə təklifini rədd edib


Ukrayna mülki əhalisinin Rusiya və Belarusa təxliyə təklifini rədd edib. Martın 7-də Rusiya ordusu Ukrayna şəhərlərini atəşə tutmaqda davam edib. Luqanskda güclü partlayışın baş verdiyi bildirilir. UNİAN agentliyi şahidlərin sözlərinə istinadən neft anbarının yandığını yazıb. Şahidlər də sosial şəbəkələrdə neft anbarında baş verən yanğınla bağlı məlumat yayıb. Həmin anbarın bir neçə ildir işi dayandırılıb.

"Bir neçə dəqiqə əvvəl Luqansk Xalq Respublikasında (LPR) neft anbarı partladılıb. Bildirilir ki, həmin anbarın fəaliyyəti bir neçə ildir dayandırılıb" - deyə, "Ukraine Now" teleqram kanalı məlumat yayıb.

TASS agentliyinin bildirdiyinə görə, yanğınsöndürənlər Luqanskdakı neft anbarındakı yanğını söndürməyə başlayıb. Yanacaq çənlərinin yandığı və yanğının digər çənlərə keçməsi təhlükəsinin olduğu bildirilib. Yanğının ərazisi və qurbanlar barədə hələlik məlumat verilməyib.

Martın 7-nə keçən gecə və səhər Nikolayiv şəhərinin rus qoşunları tərəfindən atəşə tutulması davam edib. Ukraynanın Xarkiv vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, azı 8 nəfər həlak olub. Çoxmərtəbəli və inzibati binalar, tibb, təhsil müəssisələri və yataqxanalar dağılıb.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denisenko “Ukrayna 24” tele-kanalına bildirib ki, Rusiya ordusu gecə saatlarında Nikolayivin yaşayış məntəqələrini “Smerç” MLRS-dən atəşə tutub.

Xarkiv şəhəri də gecə atəşə tutulub. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, “SBU və Azov batalyonunun silahlıları Xarkivin Fizika-Texnologiya İnstitutunun reaktorunu partlatmağı planlaşdırır.

Odessa Regional Hərbi Administrasiyası Operativ Qərargahının sözçüsü Sergey Bratçuk Odessa vilayətinin dənizdən, Tuzla qəsəbəsi ərazisində vurulduğunu bildirib.

O, "Zərbələr infrastruktur obyektlərinə endirilib. Hələlik qurbanlar haqda məlumat oxdur" deyib.

Kyiv, Mariupol, Xarkiv və Sum şəhərlərində humanitar dəhlizlər təşkil olunacaq. Rusiya nəzarəti pilotsuz təyyarələrin yardımı ilə həyata keçirəcəyini bəyan edib.

Prezidenti Zelenski Ukraynaya daha çox beynəlxalq dəstək üçün müraciət edib.

Litva Prezidenti Qitanas Rusiyanın “Ukraynaya qarşı ehtiyatsız təcavüzünün” onun Avropa və NATO təhlükəsizliyinə təhdid olduğunu göstərdiyini deyib.

XS
SM
MD
LG