Accessibility links

BMT agentlikləri İsraili Qəzzanın mühasirəsini dayandırmağa çağırıb


BMT agentlikləri həyat xilas edən yardımdan imtinanın beynəlxalq humanitar hüquqa əsasən qadağan edildiyi barədə xəbərdarlıq edərək, İsraili Qəzzanın mühasirəsini dayandırmağa çağırıb.

"Mülki əhalinin sağ qalması üçün həyati əhəmiyyət kəsb edən mallar məhdudlaşdırılmamalıdır", deyə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şəmdasani oktyabrın 10-da Cenevrədə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Şəmdasani əlavə edib ki, mühasirəyə alınmış əraziləri tərk etmək istəyən mülki əhaliyə bunu etməyə icazə verilməlidir. "İstənilən məhdudiyyət hərbi zərurətlə əsaslandırılmalıdır və belə olmadığı təqdirdə bu, kollektiv cəzaya bərabər ola bilər. Bu, beynəlxalq humanitar hüquq çərçivəsində qadağandır və müharibə cinayəti sayıla bilər" - deyə, o əlavə edib.

Davam edən münaqişə ilə bağlı son yeniləməsində BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi İsrailin Qəzzaya hava hücumlarının və Qəzzadan İsrailə raket hücumlarının davam etdiyini və hər iki tərəfdən ölənlərin sayını artırdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin kommunikasiya direktoru Tamara Əlrifayi İsrailin hava hücumlarının əhəmiyyətli dərəcədə zərər verdiyini deyib.

İordaniyanın paytaxtı Əmmandan danışan Əlrifayi hava hücumları başlayandan bəri "əlillər üçün məktəb də daxil olmaqla, 18 müəssisəmizə, eləcə də Qəzza şəhərindəki qərargahımıza ziyan dəyib" deyib.

O, evləri hücuma məruz qalan və ya evlərinin dağıdılmasından qorxaraq qaçan 137 mindən çox Qəzza sakinin 80-ə yaxın məktəbdə yaşadığını bildirib.

Qəzza Zolağında təxminən 2,2 milyon insan yaşayır ki, onların 1,7 milyonu BMT-nin Humanitar Məsələlərin Koordinasiyası tərəfindən səhiyyə, təhsil və ərzaq kimi xidmətlər alan fələstinli qaçqınlardır.

Forum

XS
SM
MD
LG