Accessibility links

BMT Qaçqınlar Agentliyinin rəhbəri təcili maliyyələşdirmə olmadığı halda "ciddi ixtisarlar" barədə xəbərdarlıq edib


Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar Agentliyinin rəhbəri bazar ertəsi bildirib ki, tez bir zamanda əlavə maliyyə almadığı təqdirdə "ciddi ixtisarlar" etməli olacaq. Bu, daha çox ərzaq çatışmazlığına, uşaq nikahlarına, eləcə də dünyanın ən yoxsul bölgələrinin bəzilərində iğtişaşlara səbəb ola bilər.

Ukraynadakı müharibə milyonlarla insanın qaçmasına səbəb olub və hazırda dünyada 100 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunlar Əfqanıstanda davam edən böhran, Pakistandakı daşqınlar və Kamerundakı zorakılıqlarla Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) büdcəsinin təxminən 11 milyard dollarlıq rekord həddə çatmasına səbəb olub.

"Sizə təəssüflə bildirirəm ki, işə təyin olunduğum müddətdə ilk dəfə BMT Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə vəziyyəti ilə bağlı narahatam" - deyə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi yenidən QAK-ın rəhbəri vəzifəsinə təyin olunduqdan sonra Cenevrədə üzv ölkələrin nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

"Əgər indi və bu ilin sonuna qədər ən az maliyyələşdirilən əməliyyatlarımız üçün azı 700 milyon dollar əlavə etməsək, qaçqınlar və onlara ev sahibliyi edən icmalar üçün mənfi və bəzən dramatik nəticələrlə ciddi ixtisarlar etməyə məcbur olacağıq" o, əlavə edib.

Birləşmiş Ştatlar agentliyin indiyədək ən böyük donorudur və bu il 2 milyard dollardan çox töhfə verib.

Nümayəndənin dediyinə görə, hazırda agentliyin 12 proqramı 50 faiz və ya daha az maliyyələşdirilir. Onlardan hansının kəsilə biləcəyi ilə bağlı suala o, Yəmən və Efiopiya da daxil olmaqla Yaxın Şərqin bəzi hissələri ilə bağlı narahatlığını ifadə edib.

"(İxtisarların) nəticələrinin çox geniş olacağından - qidalanma nisbətinin, gender əsaslı zorakılığın artması riskindən, uşaq evliliyinə, əmək istismarına, resurs çatışmazlığı ilə bağlı yerli icmalarda artan gərginlik və iğtişaşlara görə qorxuruq" deyib.

Cenevrədəki geniş çıxışı zamanı Qrandi bildirib ki, onu Şimal yarımkürəsindəki soyuq qış mövsümünün Ukraynada məcburi köçkün vəziyyətinə düşmüş 6,2 milyon insana təsiri narahat edir.

XS
SM
MD
LG