Accessibility links

BMT Təhlükəsizlik Şurası İsrailin son zərbəsindən sonra Rəfahdakı durumu müzakirə edəcək


BMT Təhlükəsizlik Şurası İsrailin qaçqın düşərgəsinə sığınan 45 fələstinlinin ölümü və 200 nəfərin yaralanması ilə nəticələnən hava hücumundan sonra Rəfahdakı vəziyyəti müzakirə etmək üçün çərşənbə axşamı bir araya gələcək.

BMT-nin humanitar məsələlər üzrə komissarı Martin Qriffits hücumu "tamamilə qəbuledilməz" adlandırıb və İsrailin baş naziri Benyamin Netanyahunun Rəfahda baş verənlərin "faciəli bir səhv" olması ilə bağlı açıqlamasını tənqid edib.

Qriffits bazar ertəsi verdiyi açıqlamasında "hücumun Qəzza xalqı üçün müharibə cinayəti və ya "faciəli səhv" olub-olmaması heç bir müzakirə mövzusu deyil" deyib.

"Dünən gecə baş verənlər ən son və bəlkə də ən iyrənc qəddarlıq idi. Bunu "səhv" adlandırmaq ölənlər, kədərlənənlər və həyatını xilas etməyə çalışanlar üçün heç bir əhəmiyyət kəsb etmir" - deyə, o bildirib.

Qriffits BMT-nin "Rəfahda hərbi əməliyyatın qırğınla nəticələnəcəyi barədə xəbərdarlıq etdiyini" deyib və əlavə edib ki, Qəzzada təhlükəsiz ərazilər və ya humanitar zonalar yoxdur.

İsrail hücum zamanı HƏMAS-ın iki yüksək rütbəli militantını öldürdüyünü bildirib.

"Əlaqədar olmayanlara zərər verməmək üçün əlimizdən gələni etsək də, təəssüf ki, dünən gecə faciəli bir səhv baş verdi. Biz məsələni araşdırırıq", Netanyahu İsrail parlamentində deyib.

Netanyahu dəfələrlə deyib ki, İsrail HƏMAS-ın Qəzzada fəaliyyətinə son qoyması və gələcəkdə İsraili təhdid edə bilməməsi məqsədinə çatmaq üçün Rəfaha hücum etməlidir.

BMT-nin insan haqları üzrə ali komissarı Volker Turk bazar ertəsi verdiyi açıqlamasında Rəfaha hücumu pisləyib: "Düşərgədən alınan görüntülər dəhşətlidir və bu, İsrailin mülki əhali arasında çox sayda ölümlərə səbəb olan müharibə üsulu və vasitələrində heç bir dəyişiklik olmadığını göstərir."

Turk İsraili Beynəlxalq Ədalət Məhkəməsinin keçən həftə Rəfahdakı hücumunu tamamilə dayandırmaq qərarına əməl etməyə çağırıb. O, həmçinin Fələstin silahlı qruplaşmalarını "beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq", İsrail ərazisinə raket hücumlarını dayandırmağa və HƏMAS-ın Qəzzada saxladığı qalan 100-ə yaxın girovu azad etməyə çağırıb.

Avropa Şurasının prezidenti Çarlz Mişel də zərbələri "dəhşətli" adlandırıb və İsraili Rəfaha hücumu dayandırmağa çağırıb.

"Son hücum zamanı günahsız fələstinli mülki şəxslərin öldürüldüyünü görmək dəhşətdir. Rəfahda məcburi köçkünlər üçün təhlükəsiz zona yoxdur" - deyə, Mişel X sosial media platformasında bildirib.

Vaşinqtonda Ağ Evin Milli Təhlükəsizlik Şurası bildirib ki, "hücumun dağıdıcı görüntüləri ürək ağrıdır. İsrailin HƏMAS-ı təqib etmək hüququ var və biz bu zərbənin HƏMAS-ın İsrailin mülki əhalisinə qarşı hücumlara cavabdeh olan iki yüksək səviyyəli terrorçusunu öldürdüyünü başa düşürük. Lakin bildiyimiz kimi, İsrail mülki insanları qorumaq üçün hər cür tədbir görməlidir”.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi Qəzzadakı vəziyyəti "yer üzərində cəhənnəm" adlandırıb.

Qətərin Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, bu hücum dalana dirənmiş atəşkəs danışıqlarında vasitəçilik səylərini və Qəzzada saxlanılan girovların qaytarılmasını çətinləşdirə bilər.

Fransa prezidenti Emmanuel Makron dərhal atəşkəsə və "beynəlxalq hüquqa tam hörmət etməyə" çağırıb.

İsrail-HƏMAS müharibəsi HƏMAS-ın oktyabr ayında İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200 nəfərin ölümü və təxminən 250 nəfəri girov götürməsi ilə nəticələnən hücumundan sonra başlayıb.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin bundan sonrakı əks-hücumunda 36 mindən çox fələstinli həlak olub, ölənlərin sayına həm mülki şəxslər, həm də döyüşçülər arasında olanlar daxildir .

Forum

XS
SM
MD
LG