Accessibility links

BMT: Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlayandan bəri doqquz mindən çox dinc sakin həlak olub


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) yeni hesabatına əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 9083 dinc sakin həlak olub, daha 15779 mülki şəxs müxtəlif dərəcəli xəsarət alıb.

18 iyun 2023-cü il tarixinə dinc əhali arasında qurbanların ən çoxu, hesabat müəlliflərinin qeyd etdiyi kimi, Donetsk və Luqansk vilayətlərində qeydə alınıb. Ukraynanın nəzarətində olan bu rayonların ərazisində 4105 nəfər həlak olub, 5861 nəfər yaralanıb. Bu rayonların Rusiya qüvvələri tərəfindən işğal olunmuş hissəsində 718 dinc sakin həlak olub, daha 2521 nəfər yaralanıb.

İyunun 1-dən iyunun 18-dək BMT-nin hesabatına görə, Ukraynada 112 nəfər - 59 kişi, 39 qadın və 6 uşaq ölüb. Bu müddət ərzində 445 nəfər xəsarət alıb.

Hesabat müəlliflərinin bildirdiyinə görə, mülki əhali arasında ölüm sayı daha yüksəkdir, çünki bəzi yerlərdə mülki şəxslərin öldüyü və ya yaralandığı iddia edilən bir çox məlumatlar hələ də təsdiqlənməyi gözləyir. Belə yaşayış məntəqələrinə Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luqansk vilayəti) daxildir.

Hesabat müəlliflərinin fikrincə, 2022-ci il 24 fevral-dan 2023-cü il iyunun 18-dək olan dövrdə ən çox ölüm halı ötən ilin martında qeydə alınıb: o zaman Rusiyanın təcavüzü nəticəsində 4102 ukraynalı mülki şəxs həlak olub, 2988 nəfər insan yaralanıb.

Mülki əhalinin əksəriyyəti geniş təsir radiusuna malik partlayıcı silahlardan istifadə zamanı zərər çəkib. BMT zərər çəkənlərin real sayı ilə bağlı rəqəmlərin daha çox ola bildiyini qeyd edir.

XS
SM
MD
LG