Accessibility links

Urmiyədə iki məhbusun edam hökmü icra edilib


Daha əvvəl edam cəzasına məhkum edilmiş Zərrar Peyğami və Yasir Rəsuli aprelin 28-də Urmiyə Mərkəzi Həbsxanasının həyətində dar ağacından asılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən “İran HR” qrupu və HRA agentliyinin məlumatına əsasən, hər iki məhbus qətl ittihamı ilə mühakimə edilmişdi.

İran Azərbaycanının kürd icmasına mənsub olan Peyğami və Rəsuli müvafiq olaraq Üşnü (Üşnəviyyə) və Bukan şəhərlərində həbs edilib, Urmiyə həbsxanasına göndərilmişdilər.

İran HR qrupunun daha əvvəl yayımladığı hesabata əsasən, 2019-cu ildə İranda təqribən 300 məhbusun ölüm hökmü icra olunub. Bunların əksəriyyətinin qətl ittihamı ilə mühakimə olunduğu bildirilir.

Keçən iki həftə ərzində Ərdəbil, Luristan, Əlburz (Kərəc), Qərbi Azərbaycan, İsfahan, Fars (Şiraz) və Kürdistan kimi vilayətlərdə edam hökmləri həyata keçirilib.

“Edam hökmlərinin pandemiya dönəmində tətbiq edilməsi ailələrin acısını qat-qat artırır. Onlar Covid-19 pandemiyası səbəbilə edam edilən yaxınları üçün dəfn və yas mərasimi belə keçirə bilmirlər,” İran HR qrupunun veb səhifəsində yazılıb.

XS
SM
MD
LG