Accessibility links

Ənənəvi Çin-ABŞ danışıqları keçirilir


ABŞ və Çinin yüksək vəzifəli rəsmiləri bu gün Pekində hər il keçirilən iki günlük danışıqlara başlayıb.

Bu ilki "Strateji və İqtisadi Dialoq"un açılış mərasimində Çin prezidenti Xi Cinpinq deyib ki, ABŞ və Çin arasında qarşıdurma faciə ilə nəticələnə bilər. "Çin-ABŞ əməkdaşlığı həm iki tərəf, həm də bütün dünya üçün faydalı olacaq böyük nailiyyət ola bilər. İki ölkə arasında qarşıdurma isə dünyanı fəlakəyə apara bilər" - deyə Çin prezidenti bildirib.

Eyni fikri ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ dövlət katibi Con Kerri və maliyyə naziri Cek Lyu da dilə gətirib. Con Kerri deyib ki, Birləşmiş Ştatlar Çinin qarşısını almaq istəmir, amma ümid edir ki, ölkə regional sabitliyə səylərini əsirgəməyəcək.

Belə bəyanatlar ənənəvi danışıqların standart bəyanatlarına çevrilib. Ancaq bağlı qapılar arxasında keçirilən görüşlərdə tərəflər əlaqələrə mənfi təsir göstərən həssas məsələləri həll etməyə çalışır.

XS
SM
MD
LG