Accessibility links

ABŞ rəsmisi İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə Qəzzada durumla bağlı danışıqlar aparıb


Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Qəzza zolağında vəziyyətin nizamlanması məqsədilə İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlar aparıb.

İsrailin müdafiə naziri Yoav Qallant bazar ertəsi Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşü zamanı İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərində quruda əməliyyatlarını genişləndirəcəyini bildirib.

Qallantın verdiyi açıqlamada bildirilir ki, o, Sallivana Rəfahda səylərin HƏMAS silahlı qruplaşmasını dağıtmaq və hələ də Qəzza zolağında saxlanılan girovların geri qaytarılmasını təmin etmək məqsədi daşıdığını bildirib.

Qallant həmçinin Sallivanla İsrailin Yaxın Şərqdə mövqeyinin gücləndirilməsi yollarını müzakirə etdiyini deyib.

Ceyk Sallivan bazar günü İsrailin Qəzzada HƏMAS-a qarşı mülki insanlara zərər vurma riskini azaldacaq daha hədəfli hərbi əməliyyatı müzakirə etmək üçün Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

ABŞ-ın açıqladığı bəyanata əsasən, ABŞ rəsmini Netanyahunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Səudiyyə Ərəbistanında apardığı müzakirələr barədə məlumatlandırıb.

ABŞ-ın planı Səudiyyə Ərəbistanının İsraili tanıması və anklavın son nəhayətdə dövlətçiliyinə yol açılması müqabilində Fələstin Administrasiyasına Qəzza zolağının idarə olunmasında yardım etməsini nəzərdə tutur.

Netanyahunun ofisindən verilən açıqlamada müzakirələr zamanı əsas diqqətin İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyatı, humanitar yardımlar və Qəzzada saxlanılan girovlar məsələsinə yetirildiyi bildirilib.

"Cənab Sallivan İsrailin hərbi əməliyyatlarını HƏMAS-ın davamlı məğlubiyyəti, bütün girovların azad edilməsi və Qəzzanın daha yaxşı gələcəyini təmin edə biləcək siyasi strategiya ilə əlaqələndirməsinin zərurətini bir daha təsdiqləyib" - deyə, bəyanatda əlavə edilib.

Təfərrüatlar açıqlanmayıb.

Netanyahu müstəqil Fələstin ideyasının İsrailin milli təhlükəsizliyinə ekzistensial təhdid olaraq qəbul edərək buna qarşı çıxır.

O, İsrailin Qəzzanın təhlükəsizliyinə nəzarətini saxlayacağını və yalnız HƏMAS ilə əlaqəsi olmayan və ya Qərbin dəstəklədiyi Fələstin Muxtariyyətində fələstinlilərlə işləyəcəyini iddia edir.

Netanyahu İslamçı qrup məğlub olana və bütün girovlar evə gətirilənə qədər HƏMAS-a qarşı mübarizəni dayandırmayacağına söz verib.

Bununla belə, onun kabineti daxildə müharibədən sonrakı Qəzzanın idarəçiliyi planı ilə bağlı fikir ayrılıqları ilə üzləşir.

Onun müharibə kabinetinin nazirlərindən biri olan Benni Qantz şənbə günü Netanyahu iyunun 8-dək müharibədən sonrakı “fəaliyyət planını” təsdiqləməzsə, hakim koalisiyadan çıxmaqla hədələyib.

Qantzın dediyinə görə, bu plan HƏMAS-ı məğlub etmək, girovları evlərinə qaytarmaq və "Qəzza zolağında mülki işləri idarə edəcək Amerika, Avropa, Ərəb və Fələstin administrasiyasının formalaşdırılması istiqamətində addımları" nəzərdə tutmalıdır.

Netanyahu Qantzın şərhlərini "mənasız sözlər" adlandırıb və bunun "İsrailin məğlubiyyətinə, girovların əksəriyyətinin tərk edilməsinə, HƏMAS-ın toxunulmaz qalmasına və Netanyahunun qarşı çıxdığı Fələstin dövlətinin qurulmasına" gətirib çıxaracağını deyib.

Forum

XS
SM
MD
LG