Accessibility links

Prezident Bayden meşə yanğınlarından sonra Havay adalarında Maui adasına səfər edir


ABŞ prezidenti Co Bayden bazar ertəsi avqustun 8-də rəsmilər və sağ qalanlarla görüşmək və Maui adasını viran qoyan meşə yanğınlarının vurduğu ziyanı qiymətləndirmək üçün Sakit okeandakı Havay adaları ştatına səfər edir.

Maui adasında yanğınlar nəticəsində 114 nəfər həyatını itirib, on minlərlə sakin və turist təxliyə edilib, tarixi kurort şəhəri Lahaina isə tamamilə dağılıb.

Prezident Bayden və birinci xanım Cil Bayden Mauidə yanğından zərər çəkmiş adanın sakinləri və xilasedicilərlə görüşəcək.

Ağ Ev bildirib ki, Bayden və birinci xanım Cil Bayden “dağıdıcı meşə yanğınlarının təsirlərini öz gözləri ilə görəcək, həmçinin bərpa səylərini müzakirə edəcəklər”.

Federal hökumət orqanları zərər çəkmiş ailələrə 8 milyon dollardan çox vəsait ayırıb.

Prezident Federal Fövqəladə Hallar İdarəsi Agentliyinin (FEMA) regional rəhbəri Bob Fentonu Maui adasında yanğınla mübarizə üzrə baş federal koordinator təyin edib. Federal rəsmi uzunmüddətli bərpa işlərinin gedişinə nəzarət edəcək.

Demək olar ki, bütün binaların dağıdıldığı Lahainanın bərpasının illər çəkəcəyi deyilir.

“Mən itkilərin ailələrə və icmalara nə qədər dərin təsir göstərə biləcəyini və heç nəyin insan itkisini əvəz edə bilməyəcəyini bilirəm. Mən Mauinin bu faciədən sonra dirçəlməsi və bərpa olunması üçün əlimdən gələni edəcəyəm. Və biz bütün səylərimizdə müqəddəs torpaqlar, mədəniyyətlər və adət-ənənələrə hörmətə xüsusi diqqət yetirəcəyik”, Bayden səfərdən əvvəl bildirib.

Havay adalarından senator Brayan Şatz bazar günü xilasedicilərin Maui adasında zərər çəkmiş ərazinin təxminən 85 faizində axtarış apardıqlarını bildirib.

Adada 2 minə yaxın insan hələ də işıqsız, 10 min insan isə rabitəsiz qalıb. Mauinin qərbində bəzi yerlərində su içmək üçün təhlükəsiz deyil.

Ağ Evin məlumatına görə, hazırda Mauidə dağıdıcı yanğının nəticələrinin aradan qaldırılmasında 1000-dən çox yanğınsöndürən və federal işçi iştirak edir.

Yanğın adada 86 faizi yaşayış binaları olmaqla, azı 2200 binanı dağıdıb, minlərlə insan evsiz qalıb. Dəyən ziyanın dəyəri 5,5 milyard dollar kimi qiymətləndirilir.

Forum

XS
SM
MD
LG