Accessibility links

ABŞ İranı Yəməndə husilərə presedenti olmayan silah transferini dayandırmağa çağırıb


Birləşmiş Ştatlar bazar ertəsi İranı Yəməndəki husi üsyançılarına "görünməmiş" sayda silahla təmin etməsini dayandırmağa çağırıb və bunun üsyançılara Qırmızı dənizdə və başqa yerlərdə gəmilərə "ehtiyatsız hücumlar" həyata keçirməyə imkan verdiyini deyib.

ABŞ səfirinin müavini Robert Vud BMT Təhlükəsizlik Şurasına deyib ki, əgər Yəməndə vətəndaş müharibəsinin sona çatması istiqamətində irəliləyiş əldə etmək istəyirsə, şura kollektiv şəkildə "İrana sabitliyin pozulmasındakı roluna görə xəbərdarlıq etməli və husilərin arxasında gizlənə bilməyəcəyində təkid etməlidir."

Onun sözlərinə görə, İranın BMT-nin sanksiyalarını pozaraq, ballistik və qanadlı raketlər də daxil edilməklə, husilərə müasir silahlar verdiyinə dair geniş sübutlar var.

"Şuranın silahla bağlı embarqonu davamlı pozduğuna dair narahatlığını vurğulamaq üçün biz tətbiqi gücləndirmək və sanksiyaları pozanların qarşısını almaq üçün daha çox iş görməliyik", Vud deyib.

Husilər Qırmızı dəniz və Ədən körfəzində gəmiçiliyə hücumlarının səbəbi Qəzzada 35 mindən çox fələstinlinin ölümünə səbəb olan HƏMAS-la müharibəni dayandırması üçün İsrailə təzyiq göstərmək olduğunu bildirib.

Müharibə HƏMAS-ın rəhbərlik etdiyi militantların oktyabrın 7-də İsrailə hücumu nəticəsində 1200 nəfəri qətlə yetirməsi və İsrailin dediyinə görə, 250 nəfəri girov götürməsindən sonra başlayıb.

ABŞ Dənizçilik Administrasiyası keçən ayın sonunda bildirib ki, husilər noyabr ayından bəri gəmiçiliyə 50-dən çox hücum təşkil edib, bir gəmini ələ keçirib, digərini isə batırıb.

Üsyançılar ABŞ-ın rəhbərlik etdiyi hava hücumu kampaniyasının hədəfinə çevrildiyi üçün son həftələr husilərin hücumları səngiyib. Təhlükə səbəbindən Qırmızı dəniz və Ədən körfəzi vasitəsilə gəmiçiliyin fəaliyyəti azalıb.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Təhlükəsizlik Şurasına husilərin Qırmızı dəniz, Ədən körfəzi və Hind okeanında ticarət və hərbi gəmilərə hücumlarının, ABŞ və Britaniyanın Yəməndəki hədəflərə hava zərbələrinin sayının azalmasına baxmayaraq, "hərbi fəaliyyətlərin davam etdiyi" barədə xəbərdarlıq edib.

O, husilərin "hücumların əhatəsini genişləndirəcəkləri" ilə bağlı açıqlamasına işarə edərək, bunu "onsuz da qeyri-sabit vəziyyətdə narahatedici təxribat" adlandırıb.

Rusiya səfiri Vasili Nebenziya Şuraya bildirib ki, İsrailin mayın 6-da 1,2 milyon fələstinlinin təhlükəsizlik axtardığı Qəzzanın cənubunda Rəfah şəhərində hərbi əməliyyatlara başladığını elan etməsi bölgədəki gərginliyi "daha bir pillə artırıb."

"Bunun Yəmənin ətrafında sularında vəziyyətə təsir edəcəyinə şübhə yoxdur" deyə, o, husilərin İsrailin fələstinli mülki vətəndaşlara zərər verən hücumlarına qarşı çıxdığını qeyd edərək bildirib.

O, Birləşmiş Ştatları və onun Qərb müttəfiqlərini kəskin tənqid edərək, onların Yəməndə "tamamilə əsassız aqressiv zərbələrinin" BMT Nizamnaməsini pozduğunu deyib. Onun sözlərinə görə, bu, Qırmızı dənizdə onsuz da mürəkkəb vəziyyəti daha da ağırlaşdırır.

Yəməndə Körfəz ərəb dövlətləri koalisiyasının dəstəklədiyi husilərlə hökumətyönlü qüvvələr arasında müharibə 2014-cü ildən bəri davam edir. Husilər Yəmənin şimalının çox hissəsini və paytaxtı Sənanı ələ keçirərib. Ölkənin beynəlxalq səviyyədə tanınan hökumətini Səudiyyə Ərəbistanına qaçmağa məcbur olub.

Forum

XS
SM
MD
LG