Birləşmiş Ştatlar İraqdakı hərbi hava bazasına raket hücumu həyata keçirməkdə İranın dəstəklədiyi qüvvələri ittiham edib. Hücum nəticəsində 7 nəfər yaralanıb və onlardan ikisi əlavə tibbi yardım üçün təxliyyə edilməli olub.
ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə axşamı Merilend ştatının Annapolis şəhərində Avstraliya rəsmiləri ilə keçirdiyi mətbuat konfransında jurnalistlərə "Biz əminik ki, bu, İranın dəstəklədiyi şiə silahlı dəstədir" deyib.
"Konkret olaraq hansı qrup olduğunu biz hələ də araşdırırıq" - deyə, o əlavə edib.
ABŞ rəsmiləri daha əvvəl bildirmişdilər ki, bazar ertəsi İraqın qərbindəki Əl-Əsəd avia-bazasına iki raket atılıb, nəticədə beş hərbçi və iki podratçı yaralanıb.
Yaralılardan ikisinin təxliyə edilməsinə ehtiyac olsa da, rəsmilər yeddi nəfərin hamısının vəziyyətinin stabil olduğunu bildirib.
İraq ordusunun çərşənbə axşamı verdiyi açıqlamada hücumda istifadə edilən yük maşını və reaktiv yaylım atəşi qurğusunun yaxınlıqdakı Hədisə qəsəbəsində aşkar edildiyi bildirilib.
Açıqlamada həmçinin cinayətkarların tapılmasına yaxınlaşıldığı, "Hazırda onların məsuliyyətə cəlb edilməsi üçün axtarışlar aparılır" deyilib.
Hücum İranın dəstəklədiyi "Hizbullah" və HƏMAS terror qruplarının yüksək rütbəli üzvlərinin öldürülməsinə cavab olaraq, İran və onun tərəfdarlarının İsrailə qarşı mümkün hücumunu gözlədiyi bir vaxt baş verib.
Buna baxmayaraq, Austin İranın intiqamının qaçılmaz ola biləcəyi ilə bağlı mediada yayılan xəbərləri şərh etməkdən imtina edib.
O, "Mən İranın gələcək addımları barədə spekulyasiya etmək fikrində deyiləm. Diqqətimi cəlb etdiyim şey, qoşunlarımızı qorumaq üçün tədbirlər görmək, əlimizdən gələni etdiyimizə əmin olmaq, həmçinin gərək olarsa, İsrailin müdafiəsinə yardım etmək üçün yaxşı vəziyyətdə olduğumuzdan əmin olmaqdır."
Austin cümə günü Pentaqonun İranın hücumuna hazırlaşmaq üçün bölgəyə əlavə döyüş gəmiləri, təyyarədaşıyan qrupu və əlavə qırıcı təyyarələr göndərdiyini bildirib və lazım gələrsə, qurudan raketdən müdafiə sistemləri göndərmək üçün hazırlıqlara başladığını bəyan edib.
Çərşənbə axşamı Austinlə birlikdə danışan ABŞ dövlət katibi Antoni Blinken bölgədəki bütün tərəfləri sakit olmağa çağırıb.
O, jurnalistlərə "eskalasiyanın qarşısını almaq, münaqişənin yayılmasının qarşısını almaq açıq-aşkar hər kəsin maraqlarına uyğundur" deyib.
İraq ordusu çərşənbə axşamı verdiyi bəyanatında Əl-Əsəd hava bazasına raket hücumunu məsuliyyətsizlik kimi qiymətləndirib.
İraqın bəyanatında "Biz İraq bazalarını, diplomatik missiyalarını və beynəlxalq koalisiyanın yerləşdiyi yerləri hədəf alan bütün ehtiyatsız hərəkətləri, təcrübələri və regionda gərginliyi artıracaq hər şeyi rədd edirik" deyilib.
İraqda İŞİD və ya DAEŞ kimi tanınan İslam Dövləti qrupunun qalıqlarını təqib edən İraq qüvvələrinə məsləhət vermək və onlara yardım etmək üçün 2500-ə yaxın ABŞ əsgəri var.
Forum