Bayden administrasiyasının çərşənbə axşamı bildirdiyinə görə, Tramp administrasiyasının siyasətləri çərçivəsində deportasiya və iş icazələrini itirmək riski ilə üzləşmiş El-Salvador, Honduras, Nepal və Nikaraquadan olan 300 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu 2025-ci ilə qədər uzadacaq.
Müvəqqəti Qorunan Status (TPS) proqramına əsasən Bayden administrasiyası bu dörd ölkədən olan miqrantlara ABŞ-da qanuni yaşayış və məşğulluqlarını davam etmələrinə icazə verəcək.
Daxili təhlükəsizlik naziri Alehandro Mayorkas Müvəqqəti Qorunan Statusun uzadılması ilə bağlı verdiyi açıqlamasında "biz artıq Birləşmiş Ştatlarda olan və ekoloji fəlakətlərin təsirləri səbəbindən geri qayıda bilməyən El- Salvador, Honduras, Nepal və Nikaraqua vətəndaşlarına cari benefitlərlə davamlı təhlükəsizlik və müdafiə təklif edə bilərik" deyib.
Müvəqqəti Qorunan Status proqramı ABŞ-da daimi yaşamağa icazə verməsə də, bu ölkədə hüquqi status və 18 aya qədər deportasiyadan qorunma ilə təmin edir. O, həmçinin insanların ölkədə qanuni işləməsi üçün iş icazəsi verir və iş icazəsi uzadıla bilər.
Konqres Müvəqqəti Qorunan Status proqramını 1990-cı ildə, vətənləri təhlükəli hesab edilən miqrantların ABŞ hökuməti tərəfindən müəyyən edilmiş tələblərə cavab verərsə, bir müddət ABŞ-da yaşaya və işləyə bilmələri üçün təsis edib.
Hazırda 16 ölkənin - Əfqanıstan, Kamerun, El-Salvador, Efiopiya, Haiti, Honduras, Myanma, Nepal, Nikaraqua, Somali, Cənubi Sudan, Sudan, Suriya, Ukrayna, Venesuela və Yəmən Müvəqqəti Qorunan Status proqramına daxildir.