Accessibility links

ABŞ və Britaniya Yəməndə husilərə məxsus silahları hədəf alıb


ABŞ və Britaniyanın döyüş təyyarələri bazar ertəsi axşam saatlarında gəmilər və sualtı qayıqların dəstəyi ilə Yəmənin husilərin nəzarətində olan ərazilərinə bir sıra zərbələr endirib. Məqsəd Yaxın Şərqdə əsas gəmiçilik yollarına hücumlar həyata keçirməyə çalışan İranın dəstəklədiyi husi militantlarının imkanlarını daha da aşağı salmaqdır.

ABŞ müdafiə rəsmilərinin bildirdiyinə görə, zərbələr yeraltı anbar, raket buraxılış məntəqələri və husilərin müşahidə imkanları ilə əlaqəli digər yerlər də daxil olmaqla, səkkiz yerdəki bir neçə hədəfə endirilib.

Yüksək rütbəli ordu rəsmisi jurnalistlərə zərbə yerlərinin itkilər üçün deyil, silah sistemlərini hədəf almaq üçün qəsdən seçildiyini bildirib. Rəsmi yeraltı anbardakı silahların yanvarın 11-də endirilən zərbələrin ilk raundunda hədəf alınan obyektlərdəki silahlardan daha təkmil olduğunu deyib.

ABŞ və Britaniyanın bigə bəyanatında "Bu dəqiq zərbələr husilərin bir sıra qeyri-qanuni, təhlükəli və sabitliyi pozan addımlarına cavabdır" deyilib və son əməliyyatların Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə həyata keçirildiyi bildirilib.

Qırmızı dəniz marşrutu ilə dünya dəniz nəqliyyatının təxminən 15%-i daşınır. Böyük gəmiçilik şirkətləri hücumlar səbəbindən gəmilərinin istiqamətini dəyişərək, Afrika ətrafında daha uzun və daha bahalı marşrutdan istifadə edir.

Bu, ABŞ hərbi qüvvələrinin son 10 gündə husilərin mövqelərinə səkkizinci hücumudur.

Yüksək rütbəli bir hərbi məmur jurnalistlərə bazar ertəsi endirilən zərbələrin husilərin hücumlara başlamaları üçün "qabiliyyətini əhəmiyyətli dərəcədə" aradan qaldırdığını bildirib.

Pentaqonun məlumatına görə, noyabrın ortalarından bəri husilər beynəlxalq gəmiçilik zolağına 33 hücum həyata keçirib. Husilər deyirlər ki, onların hücumları Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərlə həmrəyliyə işarədir.

Müdafiə üzrə ekspertlər həftə sonu Amerika qüvvələrinə hücumların kəskin artması fonunda Birləşmiş Ştatların Yaxın Şərqdə regional müharibəyə başlamasından narahatdırlar.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bazar ertəsi jurnalistlərə bildirib ki, HƏMAS-ın İsrailə qarşı 7 oktyabr terror hücumundan sonra İraqın qərbindəki Əyn Əl-Əsəd hava bazasına ballistik raket zərbələri də daxil olmaqla, İraq və Suriyada ABŞ qüvvələrinə qarşı 151 hücum həyata keçirilib.

Sinq bildirib ki, raketlərin əksəriyyəti vurulsa da, lakin bazaya atılan raketlər İraq Təhlükəsizlik Qüvvələrinin bir əməkdaşının yaralanmasına və iki ABŞ hərbçisinin beyin travmasına səbəb olub.

ABŞ müdafiə rəsmisi bazar ertəsi İraq və Suriyada oktyabr ayından bu yana həyata keçirilən 151 hücumda azı 83 amerikalının yaralandığını bildirib. İki nəfərdən başqa onların hamısı vəzifə yerinə qayıdıb.

Forum

XS
SM
MD
LG