ABŞ hökuməti Ukraynaya hava hücumundan müdafiə "Patriot" sistemləri və "HIMARS" üçün sursat da daxil olmaqla, daha 200 milyon dollarlıq hərbi yardım paketi təqdim edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Paketə "Patriot" və "HIMARS" üçün döyüş sursatları ilə yanaşı, 105 və 155 mm çaplı artilleriya mərmiləri, 120 mm çaplı tank mərmiləri, minaatanlar üçün 12 milyondan çox batareya, tank əleyhinə "Javelin" sistemləri, minatəmizləmə avadanlıqları və s. daxildir.
Yeni yardım paketi barədə məlumat ABŞ dövlət katibi Antoni Blinkenin bazar ertəsi açıqladığı bəyanatda verilib.
"Rusiya hər gün Ukraynanın mülki əhalisini öldürür və mülki infrastrukturunu məhv edir, həmçinin aclıqdan silah kimi istifadə edir. Ukraynanın mülki limanlarını və taxıl infrastrukturunu məhv etməklə qlobal ərzaq təhlükəsizliyini sarsıdır" - deyə, Antoni Blinkenin bəyanatında bildirilib.
"Rusiya bu müharibəyə başlayıb və hər an qoşunlarını Ukraynadan çıxarmaqla, qəddar hücumlarına son qoymaqla müharibəni bitirə bilər. O, bunu etməyənə qədər ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız nə qədər lazımdırsa, Ukrayna ilə birlikdə olacaq," o deyib.
Ukrayna rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiyanın cənubundakı liman şəhəri Odesaya edilən hava hücumu nəticəsində azı üç nəfər yaralanıb.
Bundan bir gün öncə Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində biri 23 günlük qız da daxil olmaqla, azı 7 nəfər ölüb, 22 nəfər yaralanıb.
Forum