Accessibility links

“Marafon elə bir həyəcandır ki, onu yalnız marafonçular başa düşür”


Azərbaycanlı marafonçular Vaşinqton marafonunda iştirak ediblər
please wait

No media source currently available

0:00 0:04:36 0:00

25 mindən artıq qaçışçı keçən şənbə günü ABŞ paytaxtında keçirilən illik Rock’n’Roll Marafonunda iştirak edib. Onlar arasında iki azərbaycanlı da var idi. Marafonda iştirak etmək üçün 38 yaşlı Firdovsi Kərimov Azərbaycandan, 33 yaşlı Rasim Zülfiqarov isə Missuri ştatından gəliblər. Dediklərinə görə, onlar Vaşinqton marafonu tarixində iştirak edən ilk azərbaycanlılardır. Amerikanın Səsi marafondan bir gün öncə azərbaycanlı iştirakçılarla söhbət edib.

Vaşinqton marafonu. 10 mart, 2018.
Vaşinqton marafonu. 10 mart, 2018.

Amerikanın Səsi: İlk dəfədir ki, Vaşinqton marafonunda iştirak edirsiniz. Hansı hisləri keçirirsiniz?

Firdovsi Kərimov: Mən böyük qürur hissi keçirirəm ki, bu marafonda Azərbaycanı təmsil edəcəyik. Düşünürəm ki, bu, Azərbaycanda marafon hərəkatının yayılmasında böyük bir rol oynayır.

Amerikanın Səsi: Bu marafonun mahiyyəti haqqında nə deyə bilərsiniz?

Firdovsi Kərimov: Marafon 42 kilomentr 195 metr məsafədir. Bu məsafəni beş saat yarım - altı saat ərzində qaçmalısınız. Bunu edə bilirsinizsə, qalib olursunuz, sizə medal və diplom verirlər. Şəxsən mənim üçün bu marafonun əhəmiyyəti böyükdür. Düzdür, marafon mənim üçün bir hobbidir. Çalışıram ki, ayda bir marafonda iştirak edim. Bu, böyük bir həyəcan hissidir. Bu elə bir hissdir ki, ancaq marafonçu başa düşür. Bu, 42 kilometrin sonunda o eyforiya hissi ki, yaşayırsan, bu doğrudan da əvəzolunmazdır.

Amerikanın Səsi: Rasim bəy, necə oldu ki, bu marafonda iştirak etmək qərarı verdiniz?

Rasim Zülfiqarov: Mən hal-hazırda Missuri Universitetində təhsil alıram. Eşitdim ki, dostum Vaşinqtona gəlir. Onunla bir neçə marafonu birlikdə qaçmışıq. Qərara aldım ki, universitet fasiləsi zamanı bu marafonda iştirak edim.

Amerikanın Səsi: Bu sizin neçənci marafondur?

Rasim Zülfiqarov: Üç il bundan qabaq birinci dəfə İstanbul marafonunda qaçdım. Sonra Avropa ölkələrində, Praqa və Paris marafonlarında iştirak etdim. Sonuncu marafonum keçən il Nyu Yorkda olub. Bu il də Vaşinqtonda. Cəmi altı marafonda iştirak etmişəm.

Fotoqalereya: Vaşinqton marafonunun azərbaycanlı iştirakçıları

Amerikanın Səsi: İndiyədək marafon qaçmamış insanlar üçün marafonun hansı ən maraqlı cəhətlərini qeyd edə bilərsiniz?

Rasim Zülfiqarov: Mənim üçün maraqlı müşahidə o idi ki, təbiətcə sakit olmağıma baxmayaraq, marafon zamanı içimdəki aqressiyanı görürəm. Xüsusilə də marafonun 30-35-ci kilometrlərində. Birinci marafondan bəri o aqressiyanı görürəm və o aqressiya ilə mübarizə üsulları tapıram. Ona görə də, birinci və ikinci marafondan sonra aqressiv olmaq mümkün deyil.

Amerikanın Səsi: Marafon müxtəlif vaxtlarda, müxtəlif hava şəraitində keçirilir. Bu hava şəraiti sizə mane olmur ki?

Firdovsi Kərimov: Marafonçular arasında belə bir deyim var ki, marafon üçün pis hava yoxdur. Marafon üçün hər bir hava əlverişlidir. Bu mənim 24-cü marafonumdur. Onlar arasında yalnız ikisi, üçü demək olar ki, ideal hava şəraitində olub. Digərlərində ya yağış yağıb, ya çox isti olub Marafonçu üçün havanın necə olması vacib deyil.

Fotoqalereya: Vaşinqton marafonu

XS
SM
MD
LG