Cümə günü Venesuelanın şimal-qərbində yerləşən Valensiya şəhərində keçirilən etirazlar zamanı bir gənc başından yaralandıqdan sonra dünyasını dəyişib. Bununla da, son bir ay ərzində keçirilən etiraz aksiyaları zamanı ölənların ümumi sayı 38 nəfər olub.
22 yaşlı Luqo Perez cümə axşamı etirazçılarla təhlükəsizlik xidməti arasında baş verən toqquşma zamanı yaralanmışdı. Həmin aksiyalarda daha 4 nəfərin xəsarət aldığı bildirilir.
Hadisələrin baş verdiyi Valensiya şəhəri fəlakət zonalarına bənzəyir. Şahidlərin sözlərinə görə, etirazlar zamanı binaların şüşələri sındırılıb, insanlar mağazalara daxil olaraq içəridəki məhsulları aparıblar.
Kütləvi aksiyalar aprel ayının əvvəli, prezident Nikolas Maduronun istefasını və yeni prezident seçkilərinin tələb edilməsi ilə başlayıb.
Etirazçıların tələblərinə məhəl qoymayan Maduro, ekspertlərin fikrincə, hakimiyyəti əlində saxlamaqda onu dəstəkləyən yüksək ordu komandanlığına arxayındır.
Buna baxmayaraq, müxalifətin aparıcı liderlərindən biri olan Enrike Kaprilesin verdiyi məlumata əsasən, 85 orta ranqlı hərbçi ordunun etirazçılara qarşı atdığı addımlara etiraz etdikləri üçün həbs ediliblər. Onun dediyinə görə, bu məlumatlar hərbçilərin ailə üzvləri tərəfindən verilib.