Accessibility links

Vəfa Quluzadə: Təsəvvür edə bilməzdim ki, Suriyada inqilab ola bilər


Vəfa Quluzadə: Təsəvvür edə bilməzdim ki, Suriyada inqilab ola bilər
Vəfa Quluzadə: Təsəvvür edə bilməzdim ki, Suriyada inqilab ola bilər

Politoloq Amerikanın yeni siyasətini inqilab adlandırıb. Amerika son dövrlərədək diktatorlara, rejimlərə istinad edirdisə, yeni siyasət xalqlarla əlaqə qurmaq, islamla münasibətləri yumşalmaq kursudur. Cənab Quluzadə MDB məkanında inqilaba ən yaxın ölkənin Özbəkistan olduğunu düşünür.

Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində ərəb inqilablarının sosial-siyasi səbəbləri, beynəlxalq təsirləri və regional nəticələri ilə bağlı məsələlərə toxunub.

Sual: Ərəb inqilablarının son nəticələrini necə proqnozlaşdırırsınız?

Cavab: Ərəb inqilablarının hamısı xalqın ağır sosial durumundan qaynaqlanır. Bu ölkələrin təbii sərvətlərinin çox olmasına baxmayaraq xalqları çox ağır durumda yaşayır. Bu ölkələrdə əsirlər boyu quldarlıq və diktatura olub. Bununla yanaşı, internetin geniş yayılması ərəb xalqlarını digər insanların necə yaşaması ilə tanış edib. Ərəb ölkələrinin savad səviyyəsi artıb, tələbələr ordusu yaranıb, universitetlər açılıb. Ərəb dünyası artıq insan kimi ləyaqətli yaşamağa can atır. “Biz ləyaqətli yaşamaq istəyirik!”, “Bizim hüquqlarımızı qaytarın!” şüarları bütün ərəb ölkələrində təkrar olunur. Bir sözlə, bu ölkələrdə ictimai durum inqilablar üçün gözəl zəmindir.

Digər tərəfdən, dünyanın aparıcı dövləti Amerika siyasətini kəskin surətdə dəyişib. Amerika son dövrlərədək diktatorlara, rejimlərə istinad edirdisə, yeni siyasət xalqlarla əlaqə qurmaq, islamla münasibətləri yumşalmaq kursudur. İndiyədək islam ölkələrinin demək olar ki, hamısı anti-Amerika ölkələri olub. İndi müsəlman xalqları Amerika ilə dostdur, ondan yardım alır. Bu, artıq dünyada bir inqilabdır.

Sual: Liviya hadisələrinin sonunu necə görürsünüz? Çünki, Muəmmar Qəzzafi məğlub olmayacağını, koalisiya qüvvələri isə bombardumanları davam etdirəcəyini bildirir.

Cavab: Qəzzafi çoxdan uduzub və bu yaxınlarda inqilabçılar tam qələbə qazanacaq. Qəzzafinin əlində saxladığı şəhərlərdə də əhali inqilabçıların tərəfindədir. Oradakı xüsusi təyinatlı qüvvələr əhalinin etiraz etməsinə imkan vermir.

Hesab edirəm ki, Qəzzafi yaxın iki-üç həftəyə tam süquta uğrayacaq. O xalqın əlinə düşərsə insanlar ona ağır cəza verəcək. Əgər, Qəzzafi müxtəlif vasitələrlə qərb dövlətləri tərəfindən saxlanarsa, bu halda yəqin ki, o Miloşoviç kimi insanlığa qarşı cinayətə görə ömürlük həbsə məhkum ediləcək.

Sual: Ərəb inqilabları digər diktatorlu regionlara da yayıla bilərmi?

Cavab: Bu inqilablar artıq yayılır. Ən sərt diktatorlu ölkələr indi inqilabçılar tərəfindən sarsıdılır. Mən təsəvvür edə bilməzdim ki, Hafiz Əsədin və sonra isə onun oğlu Bəşar Əsədin başında durduğu Suriyada inqilab ola bilər. Çünki, Suriya olduqca güclü xüsusi təyinatlı qüvvələrin nəzarəti altındadır. Amma, artıq Suriyada izdihamlı döyüşlər gedir. Xalq küçələrə çıxıb polis və xüsusi təyinatlılarla döyüşür.

Əlcəzairə nəzər yetirsək, bu xalq çox döyüşkən xalqdır. Birincisi, hakimiyyət xalqın hüquqlarını tapdayanda bu, xalq vətəndaş müharibəsinə qalxdı. Neçə illərlə orada döyüşlər davam etdi və bəlkə indi də davam edir. Bundan başqa, Əlcəzair xalqı fransızları kolonizator kimi ölkəsindən çıxara bildi və müstəqilliyini qazandı. İndi, bu ölkədə diktator rejimidir. Əlcəzairlilər də artıq öz hüquqlarını tələb edir. Bir sözlə, inqilablar bütün ərəb ölkələrinə yayılıb. Bizim, bütün Yaxın Şərqi başqa sifətdə görəcəyimiz gün uzaqda deyil.

Sual: İnqilablar İran da daxil olmaqla, indiki MDB məkanına yayıla bilərmi?

Cavab: İnqilab üçün şərait lazımdır. Ərəb ölkələrində xalqlar çox ağır vəziyyətdə yaşayır. Hətta, bəzi ölkələrdə on illərlə fövqəladə vəziyyət rejimi davam edib. Bu səbəblərdən ərəb ölkələrini MDB ölkələri ilə müqayisə etmək olmaz. MDB ölkələri keçmiş Sovet dövründə kommunist rejiminin bütün cinayətlərini yada salsaq belə, ictimai sahədə nailiyyətlər də əldə edib. İnsanlara hökumət pulsuz ev verib, pensiya hüququnu, istirahət hüququnu və digər sosial hüquqlarını təmin edib. MDB məkanında Sovet İttifaqının süqutundan sonra xalqların ictimai təminatı nə qədər aşağı düşsə də, yenə də ərəb ölkələrindən üstündür. Bu səbəbdən burada inqilabların baş verəcəyi barədə proqnoz vermək çətindir.

Sual: Amma, Gürcüstan, Ukrayna və Qırğızıstanda belə inqilablar artıq baş verib.

Cavab: İnqilab ola bilər. Ancaq, demək ki, inqilablar dərhal MDB məkanında yayılacaq, bu real deyil. Suriyadan sonra inqilaba ən yaxın ölkə Özbəkistan ola bilər. Çünki, bu ölkədə ən sərt diktatura var və xalqa qarşı silah işlədilib, onlarla insan həlak olub. Amma demək ki, bu gün inqilab olacaq, bu real olmazdı.

XS
SM
MD
LG