Accessibility links

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb


Mayın 7-də Vyanada Birləşmiş Ştatların İranla 2015-ci ildə olunan nüvə sazişinə qayıtmasını hədəfləyən yüksək səviyyəli danışıqların dördüncü mərhələsi başlayıb.

Razılaşmaya əsasən İran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini azaltmağa söz vermişdi.

Danışıqların hədəfi Vaşinqtonun İrana qarşı sanksiyaları ləğv etməsi müqabilində Tehranın nüvə proqramı ilə bağlı ilk razılaşmada qoyulmuş məhdudiyyətləri bərpa etməsi üçün bir yol xəritəsi yaratmaqdır.

Danışıqlardan bir gün əvvəl ABŞ administrasiyasının yüksək səviyyəli bir rəsmisi Vaşinqtonun nüvə anlaşmasına yenidən qoşulmaq üçün atmağa hazır olduğu addımları dilə gətirib.

Mayın 6-da jurnalistlərə açıqlama verən rəsmi bildirib ki, İran yeni böyük güzəştlər gözləməməlidir və danışıqların müvəffəq və ya uğursuz keçməsi İranın bu güzəştləri qəbul etmək və razılığa uyğunlaşmaq üçün verəcəyi siyasi qərardan asılıdır.

Digər tərəfdən ABŞ Dövlət Katibi Antoni Blinken verdiyi müsahibədə bildirib ki, İranın razılaşmaya tam riayət etməsi üçün lazımi qərarlar verməyə hazır olub--olmadığı aydın deyil.

“Təəssüf ki, onlar nüvə razılaşması altlında dayandırılan nüvə proqramlarının təhlükəli hissələrini bərpa edən addımlar atmağa davam ediblər" deyə Blinken mayın 6-da NBC-ə verdiyi müsahibədə deyib.

İran xarici işlər nazirinin müavini və İran nümayəndə heyətinin rəhbəri Abbas Araqçı mayın 1-də danışıqların üçüncü raundundan sonra deyib ki, Tehran ABŞ-dan bir çox fərdlər və qurumlar habelə neft və bank da daxil olmaqla bir çox sektora tətbiq etdiyi sanksiyaları ləğv etməsi tələbində qalmaqdadır.

Nüvə danışıqlarına paralel olaraq İran mətbuatı keçən həftə Tehranla Vaşinqton arasında hər iki tərəfdə saxlanılan məhbusların sərbəst buraxılması üçün razılığa gəlindiyini də yazıb.

Lakin Vaşinqton və London bu məlumatları, eləcə də ABŞ-ın İranın dondurulmuş aktivlərinə qoyulmuş qadağanı aradan qaldırmağı nəzərdən keçirməsi haqda xəbərləri təkzib edib və ya onlara məhəl qoymayıb. .

ABŞ razılaşmadan çıxdığı üçün Birləşmiş Ştatların nümayəndəsi danışıqlarda bir başa iştirak etmir. İştirak edən ölkələrin diplomatları İran tərəfi ilə Vyananın başqa bir yerində Vaşinqtondan gələn heyət arasında məlumat mübadiləsi aparır.

Danışıqlarda iştirak etmək üçün gedən rusiyalı nümayəndə Mixail Ulyanov Twitter-də iranlı nazirin açıqlamalarında müsbət əlamətlər gördüyünü yazıb.

XS
SM
MD
LG