Accessibility links

ÜST: Ukraynanın şərqində səhiyyə sistemi çökməyə yaxındır


Ukraynanın şərqində Luqansk vilayətinin Severodonetsk şəhərində xəstəxana binası Rusiyanın Ukraynaya qarşı hücumları davam edərkən atəşə məruz qalıb, 18 mart, 2022-ci il.

Ümumdünya Səhiyyə Təşkilatı Ukraynanın şərqində səhiyyə sisteminin tamamilə çökdüyü və bunun Mariupolda və digər mühasirəyə alınmış ərazilərdə minlərlə insanın həyatını riskə qoyduğu ilə bağlı xəbərdarlıq edir.

BMT-nin səhiyyə rəsmiləri onlara Mariupol və Ukraynanın şərqində döyüşlərdən ən çox zərər çəkən digər ərazilərə dərhal giriş imkanının verilməsinin vacibliyini vuruğulayıblar. Onlar Luqansk vilayəti kimi bölgələrdə demək olar ki, bütün tibb müəssisələri və xəstəxanaların ya zədələndiyi, ya da dağıdıldığı haqda məlumata malik olduqlarını iddia edirlər.

Ümümdünya Səhiyyə Təşkilatı səhiyyə sisteminin ehtiyaclarını qiymətləndirmək və xəstələr və yaralıların həyatlarını xilas edəcək tibbi xidmətlər göstərmək üçün təsirə məruz qalmış ərazilərə girişin təmin edilməsinə çağırır. Təşkilatının sözçüsü Bhanu Bhatnagar Lviv şəhərindən danışaraq bildirib ki, ÜST indiyədək Mariupolda ehtiyacı olanlar insanlara yardım göstərmək imkanı əldə edə bilməyib və mühasirəyə alınan əhalinin sağlamlıq durumu barədə məlumata malik deyil.

Mariupol iki ay ərzində Rusiya qüvvələri tərəfindən amansız bombardmanlara və atəşə məruz qalıb. Şəhər demək olar yer üzündən silinib. On minlərlə insan məhdud qida, su və dərman ehtiyatı olan yeraltı bunkerlərdə yaşayır.

Bhatnagar ÜST-nin Mariupolda şəhərə yaxın əraziyə lazım olan yardım göndərdiyini bildirib. Lakin o əlavə edib ki, təhlükəsiz girişin mümkün qədər tez təmin edilməsi çox vacibdir.

“Bizə həyat əhəmiyyətli ləvazimatları çatdırmaq və sağlamlıq ehtiyaclarını qiymətləndirmək üçün ən azı iki gün ərzində hərbi əməliyyatların dayandırılması lazımdır. Biz ən pis vəziyyəti gözləyirik. Səhiyyə sistemi pozulub və bu, hər cür nəticələrə gətirib çıxarır. Yardıma ehtiyacı olan yaralılar var”, o bildirib.

Bhatnagar həyatları xilas edəcək dərmanları əldə etmək imkanı olmayan xroniki xəstəlikləri və digər sağlamlıq ehtiyacları olan insanların olduğunu bildirib. Onun sözlərinə görə, ÜST-nin Ukrayna üzrə 1000 ailə arasında apardığı yeni sorğunun nəticələri müharibənin onların səhiyyə xidmətlərinə çıxışına dağıdıcı təsir göstərdiyini göstərir.

“Beş ailədən ikisində xərçəng, diabet və ürək xəstəliyi kimi xroniki xəstəlikləri olan ən azı bir ailə üzvü var. Bunlardan hər üç nəfərdən biri xroniki xəstəliklər səbəbindən səhiyyə xidmətlərindən istifadə etməkdə çətinlik çəkir. Sorğumuz onu da göstərir ki, müharibə sağlamlıq xidmətinə müraciət edən insanların davranışlarına təsir edir, ailələrin üçdə birindən az hissəsi səhiyyə xidmətlərindən istifadə edə bildiklərini deyib”, o bildirib.

Bhatnagar əlavə edib ki, sorğuda iştirak edənlərin 39 faizi təhlükəsizliklə bağlı vəziyyətin onların tibbi yardım almaq üçün müraciət etməsinə mane olduğunu, 27 faizi isə yaşadıqları ərazilərdə heç bir tibbi xidmətin olmadığını bildirib.

ÜST səhiyyə müəssisələrinə və işçilərə 162 hücumun edildiyini, ən azı 73 nəfərin öldüyü haqda məlumatın olduğunu təsdiqləyib.

XS
SM
MD
LG