Accessibility links

Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa səfər edən Rusiya vətəndaşlarını “arzuolunamz şəxs” elan etmək niyyətindədir


Dağlıq Qarabağa səfər edən qadınlar (Foto news.am saytından götürülüb)

Rəsmi Bakının razılığı olmadan bir qrup rusiyalı qadının Dağlıq Qarabağa səfər etməsilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi onların adlarını “arzuolunmaz şəxslər” siyahısına daxil etmək niyyətindədir.

Rusiya mediasının məlumatına görə, Dağlıq Qarabağa səfər edən rusiyalı qadınların sırasına “Vera” Yardım Fondunun prezidenti Nyuta Federmesser, yazıçı Lyudmila Ulutskaya, “Kimsəsiz Uşaqlara Yardım” Xeyriyyə fondunun direktoru Yelena Alşanskaya, Qadın Dialoqu Partiyasının sədri Yelena Semerikova, Xeyriyyə Fondunun direktoru Olqa Şilova, Dövlət Dumasının deputatı Svetlana Jurova, jurnalistlər Kira Altman və Katerina Qordeyeva daxildir.

Ermənistan mediasının məlumatına görə, Rusiya vətəndaşları “Qadınlar Sülh Naminə” aksiyasının iştirakçıları ilə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla birgə Dağlıq Qarabağda ön cəbhədə döyüş mövqelərindən birində olub.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bununla bağlı şərhində deyilir ki, Azərbaycanın qanunlarını kobud şəkildə pozaraq ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlar barədə məlumat araşdırılır.

“Bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”, şərhdə deyilir.

Bundan öncə də rəsmi Bakı bu səfərin yolverilməz olduğunu bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, münaqişənin dinc yolla nizamlanmasının ən yaxşı yolu Ermənistan qoşunlarının beynəlxalq ictimaiyyətin Azərbaycanın suverenlyində tanıdığı ərazilərindən çıxarılmasıdır.

“Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər”, Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmətdə olmasına işarə edərək bildirir.

XS
SM
MD
LG