Accessibility links

Xədicə İsmayıl: 'Bu qanunsuzluq məni önəmli hadisələrdə iştirakdan məhrum edir'


Fevralın 7-də Ali Məhkəmədə araşdırmaçı-jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı ikinci şikayətinə baxılıb. O, xarici ölkələrdə keçirilən tədbirlərə dəvət olunsa da, gedə bilmədiyini deyir. Jurnalistin sözlərinə görə, 2016-cı ilin mayında həbsdən buraxılarkən ona verilən şərti cəza ilə əlaqədar təyin edilmiş 5 il sınaq müddəti əsas gətirilir və beləcə, onu ölkədən çıxmağa buraxmırlar.

Xədicə İsmayıl xaricdəki tədbirlərə dəvət və başqa əsaslarla üç dəfə məhkəməyə üz tutaraq, qadağanın götürülməsini istəsə də, müraciəti təmin edilməyib.

Onun birinci şikayəti ölkəiçi bütün məhkəmə instansiyalarından keçib. Hazırda həmin iş üzrə kommunikasiya mərhələsidir. Azərbaycan hökuməti sorğunu cavablandırmaqdan ötrü Avropa Məhkəməsindən əlavə vaxt istəyib.

Fevralın 7-də Ali Məhkəmədə baxılan kasassiya şikayəti ikinci şikayətə dair qərardan verilib. Məhkəmədə çıxış edən X.İsmayıl həbsdən buraxılması haqda qərarda ölkədən çıxışına məhdudiyyət qoyulması barədə heç nə olmadığından, qadağanın qanunsuzluğunu vurğulayıb: "Bu da o deməkdir ki, Ədliyyə Nazirliyinin strukturu - icra şöbəsi məhkəmənin səlahiyyətini mənimsəyib. Bu qanunsuz qadağa məni pul qazanmaqdan, karyeram və şəxsi həyatımla bağlı önəmli hadisələrdə iştirakdan məhrum edir. Məsələn, mənə verilən mükafatın təqdimat mərasiminə qatıla bilməmişəm. Üstəlik, indi anam müalicədədir və mənim himayəmdə olmasına (digər bacı-qardaşlarım evlidir, öz ailələri var) baxmayaraq, mən ona qayğı göstərmək, müalicəsi ilə bağlı önəmli qərarların qəbulunda iştirak etmək imkanından məhrumam".

Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kasassiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Xədicə İsmayıl AzadlıqRadiosuna bildirib ki, bu məsələ ilə bağlı ikinci və üçüncü şikayət üzrə məlumatlar kommunikasiya dövründə birinci işə əlavə ediləcək.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilirdi. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu vurğulayırdı.

Xədicə İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə ona ittiham olunduğu iki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə bəraət verib. İttiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

Həbsdən çıxandan sonra Xədicə İsmayıl jurnalist araşdırmalarına görə bir neçə nüfuzlu mükafata, o sıradan "Nobel mükafatına alternativ" - "Dürüst Həyat" (Right Livelihood) laureatlığına layiq görülüb.

XS
SM
MD
LG