Accessibility links

10 yaşlı qızın öldürülməsi cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib


İyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10 yaşlı Nərmin Quliyevanın öldürülməsində ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İlkin Süleymanov bildirib ki, məhkəmədə mənim işgəncələrə məruz qalmadığım deyilir.

“Mən istintaq təcridxanasına gətiriləndə orada şəkillərimi, videomu çəkdilər. Həmin foto və video çəkilişlər məhkəməyə təqdim olunsun,” o qeyd edib.

İlkin Süleymanovun bu vəsatətini təmin etməyən hakim Dadaş İmanov vəkil Əlibaba Rzayevin iclasda video və foto çəkiliş aparılması ilə bağlı vəsatətini də təmin etməyib.

Daha sonra vəkillər İlkin Süleymanovun həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verib. Bu vəsatət da təmin olunmayıb.

Vəkillərin digər vəsatəti şahidlər siyahısına 10 şahidin əlavə olunması ilə bağlı olub. Dövlət ittihamçısı həmin şahidlərdən birinə etiraz edərək məsələni məhkəmənin öhdəsinə buraxdığını deyib. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlayıb.

Zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev məhkəməyə bildirib ki, qızının tapılması üçün 102 xidmətinə zəng etdim.

Şərif Quliyev qeyd edib ki, təqsirləndirilən şəxsin polis işləyən Murad adlı əmisi oğlu (həmin olaydan sonra ərizə yazaraq istefa verib) ona pul təklif edib.

“Bu işdə Muradın da əli var,” o qeyd edib.

Məhkəmə iclası iyunun 16-da davam etdiriləcək.

10 yaşlı Nərmin Quliyeva 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47 yaşlı İlkin Süleymanovun saxlanıldığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihamlar sübut olunsa, Süleymanov 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.

Şərhlərə bax

XS
SM
MD
LG