Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, yanğın 3 saatdan artıq davam edib.
Onun sözlərinə görə, yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin saytı isə bildirir ki, 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Bakıda vaxtı ilə Trump Tower kimi tanınan çoxmərtəbəli binanın yuxarı mərtəbələrində yanğın baş verib.
Alov binanın 14-20-ci mərtəbələrində müşahidə edilir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğının söndürülməsi üçün işlər aparılır.
Bina bir neçə il bundan öncə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkəti tərəfindən inşa edilib. Ancaq obyektin tikintisi başa çatdıqdan və Tramp ABŞ prezidenti seçildikdən sonra bu brendin istifadəsindən imtina edib.