Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən torpaq sürüşməsindən sonra xilasetmə içşilərinə ərazini boşaltmaq əmri verilib.
Dövlət xəbər agentliyi Xinhua bildirib ki, şənbə günü torpaq sürüşməsinin baş verdiyi Xinmo dağ kəndində yenidən hərəkətlənmə qeydə alındığı üçün rəsmilər ərazinin boşaldılmasına əmr verib.
Sağ qalanları xilas etmək üçün 3 mindən çox insan ara vermədən torpaq sürüşməsi nəticəsində yaranan uçqundan daş və çınqılları təmizləyir.
Böyük qaya parçalarını çəkmək üçün buldozerlərdən istifadə etməklə yanaşı, kəndlilər və əsgərlər əlləri ilə ərazini təmizləməyə çalışır. Xilasedicilər hava qaraldıqdan sonra da işi davam etdirə bilmək üçün əraziyə böyük işıq fənərləri gətiriblər.
Rəsmilərin bildirdiyinə görə, uçqunlar altından 10 nəfərin cəsədi aşkar edilsə də, 93 nəfər hələ də itkindir.
Rəsmi Sichuan Daily qəzetinin verdiyi məlumata görə, xilasetmə işçiləri uçqunun altından ikisi bir neçə aylıq uşaq olan üç nəfəri çıxarıb.
Əyalət rəsmiləri deyir ki, sürüşmə səbəbindən 1,6 kilometrlik yol bağlanıb. Torpaq sürüşməsi şiddətli yağışlardan sonra Çinin dağlıq ərazilərində tez-tez baş verən təhlükəli təbii fəlakətdir.