Accessibility links

Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir


Çərşənbə axşamı 500-dən çox yanğınsöndürən gecə boyu Afina yaxınlığındakı yaşayış məntəqələrinə doğru irəliləyən böyük meşə yanğınının qarşısını almağa və minlərlə sakini bölgəni tərk etməyə məcbur edib. Bu, son 24 saat ərzində Yunanıstanda son onilliklər ərzində ən şiddətli istilər səbəbindən meydana gələn 81 meşə yanğının dəhşətlisi idi.

Mülki Müdafiə rəisi Nikos Hardalias Afinanın şimalındakı yanğının "çox təhlükəli" olduğunu və bölgədə müsbət 45 dərəcəyə çatan isti hava, güclü küləklər və quru hava şəraitində daha da şiddətləndiyini deyib.

Ciddi xəsarət alan olmayıb. Rəsmilər bir neçə binanın zədələndiyini bildirsələr də, detallar barədə məlumat verilməyib. Yanğının səbəbi bəlli deyil.

"Yanğınla hər saat mübarizəyə davam edirik və ən vacib prioritetimiz insan həyatını xilas etməkdir. Bunu bütün gecə belə edəcəyik" - deyə, Hardalias bildirib.

Külək çərşənbə axşamı gecə sakitləşdiyi üçün Afina qubernatoru Giorqos Patoulis çərşənbə günü səhər tezdən su təyyarələrinin yenidən işə salınacağını və bunun yanğının qarşısını almağa imkan verə biləcəyini deyib.

Dövlət ERT TV-yə verdiyi açıqlamada, "Küləklər güclənməsə, yanğın səhər tezdən nəzarət altına alına bilər ki, təyyarələr də son həlli təmin edə bilsinlər" dedi.

Yanğın Afina üzərində böyük tüstü buludu yaradıb. Şəhərdən 20 kilometr şimalda yerləşən Tatoidə çox sayda insan evakuasiya olunub. Yunanıstanın əsas şimal-cənub avtomobil yolu qismən bağlanıb. Evlərini avtomobillər və motosikletlərlə tərk edən sakinlər özləri ilə ev heyvanlarını da götürərək, tüstü örtüyü altındakı paytaxta doğru gedib.

Hökumət rəsmiləri Yunanıstanın digər bölgələrində də meşə yanğınlarının baş verdiyini və bu səbəbdən Peloponnesin cənubundakı Mani və Vassilitsa kəndlərinin, həmçinin Evia və Kos adalarındakı kəndlərin boşaldılmalı olduğunu bildirib. Çərşənbə axşamı gecə cəmi 40 yanğın qeydə alınılb.

Yunanıstanın Yanğın Xidməti çərşənbə axşamı və çərşənbə günü ölkənin əksəriyyəti üçün həyəcan siqnalı verib, ictimai və bəzi özəl xidmətlər günortadan sonra bağlanmaq üçün iş saatlarını dəyişib.

XS
SM
MD
LG