Accessibility links

Yunanıstan və İsrail 1,6 milyard dollarlıq müdafiə müqaviləsi imzalayıb


Yunanıstanın çərşənbə axşamı verdiyi açıqlamada İsrail ilə 1 milyard 680 milyon dollarlıq müdafiə razılaşması əldə etdiyi bildirilib. Afina əsasən də Türkiyəyə qarşı müdafiə sistemlərini yeniləmək üçün razılaşdırdığı müqaviləyə 10 döyüş təyyarəsinin alınması və pilot təlimlərinin daxil olduğunu deyir.

Qarşıdakı həftələrdə iki tərəfin də imzalaması gözlənilən razılaşma Afinanın 20 il əvvəl Yaxın Şərqdəki ərəbpərəst mövqeyini dəyişdirməyə başladığı gündən bəri İsraillə əldə etdiyi ən böyük müdafiə müqaviləsidir.

Razılaşma ilə əlaqədar olaraq fikir bildirən beynəlxalq münasibətlər professoru Kostas Filis deyir ki, "İsrail xüsusilə müdafiə sahəsi daxil olmaqla heç kimə rahatlıqla güvənmir. Bu səbəbdən də bu razılaşma - yeni nəsil pilotların və silahlı qüvvələrin keyfiyyətini yüksəltmək üçün fürsət verməkdən əlavə Yunanıstana verdiyi ciddi mesaj baxımından əhəmiyyətlidir. Bu mesaj Afina və Qüds arasında möhkəm və dərin əlaqələrin qurulduğunu göstəricisidir".

İsrail Müdafiə Naziri Bennyi Qantz müqavilənin "həm İsrailin, həm də Yunanıstanın mənafelərinə xidmət edəcəyini, hər iki ölkədə yüzlərlə insanı işlə təmin edəcəyini və Aralıq dənizində sabitliyin qorunmasına xidmət etdiyini" bildirib.

Yunanistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, İsraillə 20 illik hərtərəfli razılaşma çərçivəsində Yunanıstana 10 ədəd Mavi M-346 təlim təyyarəsi, simulyatoru və maddi-texniki dəstək veriləcək. Mərkəzi İsraildə yerləşən beynəlxalq müdafiə elektronikası firması Elbit Systems Yunanıstan hava qüvvələri pilotlarını yetişdirmək üçün Afinanın cənubundakı Kalamatada bir uçuş məktəbi də açacaq.

Yunanıstan son illərdə miqrantların Avropaya qaçmaq üçün istifadə etdiyi Türkiyə ilə sərhədi izləmək üçün İsraildən dronlar almışdı. Digər tərəfdən Yunanıstan və İsrail 1900 kilometr uzunluğunda sualtı qaz kəməri çəkmək üçün keçən il Kiprlə güclərini birləşdirib. Bu boru kəməri Şərqi Aralıq dənizində sürətlə inkişaf edən qaz yataqlarındakı qazı Avropaya nəql etmək üçün nəzərdə tutulub.

Bu enerji razılaşmasına ve neft-qazla zəngin bölgədə digər ölkələrin qurduğu ortaqlığa qaşı çıxan Türkiyə son aylarda Yunanıstanın iddia etdiyi sularda enerji sahəsini araşdırmaq üçün bir araşdırma gəmisi göndərib.

NATO müttəfiqləri Yunanıstan ilə Türkiyə arasındakı münasibətlər Şərqi Aralıq dənizində yaranan enerji dilemması səbəbilə son aylarda ən gərgin səviyyədədir. Hər iki ölkə uzun müddətdir bir-birlərinin bölgədəki hava və dəniz hüquqlarına meydan oxuyur.

Bu gərginliyin fonunda Afina ABŞ və Fransa da daxil olmaqla yeni mənbələrdən döyüş təyyarələri, hərbi gəmilər, helikopterlər və silah sistemləri satın almağı planlaşdırdığını açıqlayıb.

Şərhlərə bax

XS
SM
MD
LG