Accessibility links

Zelenski və Poroşenko debatlardan öncə qan analizi verib


Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski Petro Poroşenko ilə debatlardan əvvəl aprel 5-i səhər saatlarında qan analizi verib. Bu, debatlar başlamadan öncə Zelenskinin şərtlərindən biri olub. Qanuna əsasən, debat seçkilərdən əvvəlki son cümə günü, yəni aprelin 19-da keçirilməlidir.

"Eurolab" klinikasında qanvermə prosesinin videoları namizədin rəsmi Facebook səhifəsində yayımlanıb. Prosedura başlamadan öncə Zelenski bir stəkan su içib. Analizin nəticələri üç gün sonra bilinəcək.

Daha sonra hazırkı prezident Petro Poroşenko da onlayn rejimdə qan analizi verib. O bunu Kiyevin Milli Olimpiya İdman Kompleksinin tibb mərkəzində edib.

Sürətli testin nəticələri Poroşenkonun bədənində psixoaktiv maddələrin olmadığını göstərib.

Bir neçə gün öncə Ukrayna prezident seçkilərinin ilk turunda hamıdan çox səs toplamış Vladimir Zelenski rəqibi Petro Poroşenkonu Kiyev Olimpiya Stadionunda debata çağırıb. Ukraynanın hazırkı prezidenti bu təklifi qəbul edib. Ancaq Zelenski bu təkliflə kifayətlənməyib.

O, ilk turda məğlub olmuş Yuliya Timoşenkonu debata hakimlik etməyə çağırıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

XS
SM
MD
LG