Accessibility links

Zelenski Nümayəndələr Palatasının spikeri Consonu Ukraynaya yardımla bağlı səsverməni keçirməyə çağırdığını bildirib


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla danışdığını və onu ABŞ-ın Ukraynaya daha çox hərbi yardım göstərməsi üçün səsvermə keçirməyə təşviq etdiyini bildirib.

"ABŞ-ın Ukraynaya yardımının Konqres tərəfindən tez bir zamanda qəbul edilməsi çox vacibdir. Biz Nümayəndələr Palatasında bunun necə davam etdiriləcəyi ilə bağlı müxtəlif fikirlərin olduğunu başa düşürük. Lakin əsas məsələ Ukraynaya yardım məsələsinin birləşdirici amil kimi saxlanmasıdır" - deyə, Zelenski cümə axşamı günü X sosial media platformasında yazıb.

Respublikaçılar həftələrdir Ukraynanın Rusiyaya qarşı mübarizəsində Kyivə əhəmiyyətli yardımın qarşısını alır. Conson ABŞ-Meksika sərhədində təhlükəsizliklə bağlı formullaşmanın olmaması səbəbindən İsrail, Tayvan və Ukraynaya maliyyə yardımını təmin edəcək milli təhlükəsizlik qanun layihəsinə səs verilməsinə icazə verməyib.

"Biz həmçinin Rusiyanın müharibəsi üçün maliyyə mənbələrinin qarşısının mümkün qədər tez alınmasını və dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etməyin vacibliyini də müzakirə etdik" -deyə, Zelenski qeyd edib.

Cümə axşamı Ukrayna ordusu Rusiya qüvvələrinin gecə ərzində 28 pilotsuz təyyarə və 5 raketlə hücum etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Odesa, Xarkiv, Dnepropetrovsk və Zaporijye vilayətləri üzərində Rusiyanın 26 pilotsuz təyyarəsini vurub.

Zaporijye vilayətinin qubernatoru İvan Fyodorov Telegram kanalında bildirib ki, dronlardan düşən parçalar bir neçə yaşayış binasında yanğına səbəb olub və iki nəfər yaralanıb.

Prezident Zelenski çərşənbə günü ölkəsinin hava hücumundan müdafiəsini gücləndirmək və Rusiyanın hərbi müdaxiləsinə qarşı istifadə etmək üçün F-16 qırıcılarını ilə təmin edilməsinin sürətləndirilməli olduğunu deyib.

“Dünya boyu çox sayda olan "Patriot"ların hələ də Xarkiv və rus terrorçularının hücumuna məruz qalmış digər şəhər və yaşayış məntəqələrinin səmalarını örtməməsinin heç bir məntiqli izahı yoxdur", Zelenski sosial mediada deyib. "Biz hər gün xalqımızı və Ukraynanı daha yaxşı müdafiə etmək üçün çalışırıq", o bildirib.

Zelenskinin şərhləri Rusiyanın Ukraynanın şərqindəki Xarkiv şəhərinə endirdiyi zərbələr nəticəsində bir nəfərin ölümü, 19 nəfərin yaralanmasından sonra səsləndirilib.

Rusiya çərşənbə günü Ukraynanın Belqorod bölgəsini hədəf alan raket hücumlarının qarşısını aldığını, Ukrayna isə Rusiyanın bir gecədə 13 pilotsuz uçuş aparatı ilə hücum etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynanın 18 raketini vurduğunu bəyan edib.

Forum

XS
SM
MD
LG