İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd noyabrın 25-də İran Məhkəmə Sisteminin rəisi ayətullah Sadıq Laricaniyə açıq məktub yazıb.
“Media forum” saytının məlumatına görə, Zəhra Rəhnəvərd Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Mübarizə Günü münasibəti ilə internetdə yerləşdirdiyi məktubunda ölkədə müxaliflərə qarşı təzyiqlərin davam etdiyini bildirib: “İran dinc müxaliflərin təqib edilməsi və hər yerdə quraşdırılan dinləmə cihazları ilə başdan-başa polis rejimi ilə idarə olunan böyük bir zindana çevrilib”.
Xanım Rəhnəvərd hesab edir ki, ölkənin tarixində hakimiyyətin öz vətəndaşlarına, o sıradan da qadınlara qarşı bu qədər siyasi zorakılığı olmayıb. “Zindanlardakı müstəntiqlər və ETTELAAT əməkdaşları siyasi motivlərlə həbsdə saxlanan qadınları psixikanı pozan müxtəlif təhlükəli dərmanlar, həblər və narkotik maddələrin gücü ilə yalançı etiraflara vadar ediblər. Məhbus qadınlara qarşı tətbiq edilən əxlaqdan uzaq bu, qeyri-insani üsullar onların müxtəlif xəstəliklərə tutulmasına gətirib çıxarıb. Bəzən həmin məhbus qadınların hüquqlarını müdafiə edən vəkilləri də müxtəlif bəhanə və ittihamlarla tutub ya zindana salıb, ya da sürgünə göndəriblər. Təəssüf ki, il yarım qabaq başlanan kütləvi həbslər azacıq səngisə də, hələ də davam edir”, - deyə o qeyd edib.