"Parazit" filmindəki roluna görə Oskar mükafatına layiq görülən Cənubi Koreyalı aktyor Li Sun Kyun ölü tapılıb.
Yonhap xəbər agentliyinin polisə istinadən verdiyi məlumata görə, aktyor Seulun mərkəzindəki parkda avtomobilin içərisində aşkarlanıb. 48 yaşlı Li marixuana və digər psixoaktiv dərmanlardan istifadə etdiyi iddiası ilə polis istintaqı altında idi.
Yerli xəbər agentlikləri bildirib ki, bir vaxtlar sağlam imici ilə tanınan aktyor qalmaqaldan sonra televiziya və kommersiya layihələrindən uzaqlaşdırılıb.
Cənubi Koreyanın nüfuzlu Koreya Milli İncəsənət Universitetinin məzunu olan Li 2001-ci ildə "Aşiqlər" adlı televiziya sitkomunda aktyorluq debütu etmişdi. Daha sonra o, xarizmatik aşpaz və arvadının ona xəyanət etdiyini öyrənən çalışqan memarlıq mühəndisi də daxil olmaqla, müxtəlif rollarına görərəğbət qazanmışdı.
Qlobal miqyasda o, rejissor Bon Cun-ho-nun 2019-cu ildə Oskar mükafatı almış "Parazit" filmindəki varlı və səthi patriarx obrazı ilə tanınmışdı. Onun son qorxu filmi "Yuxu"da canlandırdığı ərin dəhşətli vəziyyətlərə səbəb olması tənqidçilərin rəğbəti ilə qarşılanmışdı və Kann festivalının Tənqidçilər Həftəsi bölməsində nümayiş etdirilmişdi.
O, oktyabrın sonunda müstəntiqlərlə görüşmək üçün İnçeon polis bölməsinə girməzdən əvvəl jurnalistlərə qısa danışıb. “Belə bir xoşagəlməz hadisəyə qarışmaqla bir çox insannın məyusluğuna səbəb olduğum üçün səmimi qəlbdən üzr istəyirəm Bu dəqiqə belə ağır ağrılara dözən ailəmə yazığım gəlir. Bir daha hamıdan səmimi qəlbdən üzr istəyirəm”- deyə aktyor bildirmişdi.
Cənubi Koreyanın qeyri-qanuni narkotiklərlə bağlı son dərəcə sərt qanunları var, hətta xaricdə qanuni olaraq marixuana kimi narkotik qəbul edən koreyalılar öz ölkələrinə qayıtdıqdan sonra mühakimə olunma riski ilə üzləşir.
Onun həyat yoldaşı, aktrisa Ceon Hye-jin və iki oğlu qalıb.