Təbrizdəki mənbələrin bildirdiyinə görə, İslam
İnqilabı Məhkəməsində 8 azərbaycanlı
tələbə fəalın məhkəməsi başlanıb. Təbrizin
İslam İnqilabı Məhkəməsinin 1-ci şöbəsində hakim qarşısına çıxarılan azərbaycanlı
fəalların Məqsud Əhdi, Mənsur Əminiyan,
Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Dariyuş Hatəmi və
Məcid Makui olduqları bildirilir.
Tələbələri müdafiə edən vəkil Nağı
Mahmudinin yerli mənbələrə verdiyi açıqlamaya görə, yanvarın 18-də keçirilən ilk
məhkəmə iclası zamanı azərbaycanlı tələbələrə qarşı cinayət məcəlləsinin
"Dövlətçiliyə qarşı təbliğat" və " Milli təhlükəsizliyi pozmaq məqsədi ilə
qanunsuz qruplaşma yaratmaq" maddələri üzrə rəsmi ittiham irəli sürülüb. Məhkəmənin davam
edəcəyi gözlənilir.
Yerli azərbaycanlıların milli və insan
haqları uğrunda fəallıqları ilə seçilən bu tələbələr, ötən ilin iyulunda
Təbrizin təhlükəsizlik orqanları tərəfindən həbs olunmuşdular. Onlar 3 ay müddətinə Təbriz Ettelaat İdarəsinin qapalı
təcridxanasında saxlandıqdan sonra, hər biri 20-50 min dollarlıq girovlar qoymaqla zaminə
buraxılmışdılar.
"International Amnesty" onların saxlandığı
müddətdə ağır təzyiqlər və işgəncələrə məruz qalmasından narahatlıq
keçirildiyini bildirən bəyanatlar yayıb.