Ukrayna rəsmiləri şənbə günü bildirib ki, Rusiyanın böyük dron hücumu infrastruktur obyeklərini vuraraq, ölkə boyu 400-dən çox kənd və şəhərdə elektrik enerjisnin kəsilməsinə səbəb olub.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri cümə günü yerli vaxtla axşam saat 8 ilə şənbə günü səhər saat 4 arasında atılan 38 İran istehsalı Şahed dronundan 29-nu vurub.
Energetika naziri bildirib ki, cənubdakı Odesa bölgəsində və cənub-şərqdəki Zaporijya bölgəsində 416 yaşayq məntəqəsində hücumlar səbəbilə şəbəklərə ziyan dəyməsi nəticəsində elektrik enerjisi kəsilib. Bundan əlavə Odesa bölgəsində neft emalı zavodu vurulub.
Cənub hərbi komandanlığı Telegram tətbiqində yerləşdirdiyi açıqlamada bildirib ki, zərbə nəticəsində inzibati binaya da ziyan dəyib və bir mülki vətəndaş yaralanıb.
Ordunun məlumatına görə, Ukraynanın şimalında Rusiya ilə sərhəddə yerləşən Çernihiv regionunda gecə edilən zərbələr nəticəsində iki infrastruktur binası zədələnib.
Energetika nazirliyi Çernihiv regionunda altı yaşayış məntəqəsinin elektriksin qaldığını bildirib.
Rəsmilərin dediyinə görə, hronlar həmçinin bu ay artıq ikinci dəfədir Kyivi də hədəfə alıb. Onlar əlavə edib ki, paytata doğru atılan bütün dronlar vurulub.
Rəsmilər sakinləri və biznesləri qışın başlaması ilə Rusiyanın enerji infrastrukturuna yeni hücumlarına hazır olmaları barədə xəbərdarlıq edib.
Quru döyüşlər
Britaniya Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildirib ki, ötən bir həftə ərzində üç ərazidə - Luhansk vilayətində Kupyanskda, Donetsk vilayətində Avdiivkada və Ukrayna qüvvələrinin körpübaşı quraşdırdığı Xerson vilayətində Dnipro çayının şərq sahilində şiddətli quru döyüşlər gedir.
Açıqlamada deyilir ki, Rusiya Avdiivka ətrafında “xüsusilə ağır itkilər” versə də, heç bir tərəf heç bir ərazidə böyük irəliləyiş əldə etməyib.
Britaniya nazirliyi xəbərdarlıq edib ki, ərazidə, şərqi Avropa qışı başladığı bir vaxtda, böyük ehtimalla, əhəmiyyətli dəyişiklik olmayacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, Ukrayna “Rusiyanın hücumları nəticəsində ziyan görən universitetlərin bərpası üçün resurs tapacaq.”
O, cümə günü universitetlərdən birini – Kyivə köçürülən Mariupol Dövlət Universitetini - ziyarət etdiyini bildirib. Zelenski deyib ki, universitet “işləyir” və Ukraynaya, xalqımıza və Ukraynanın azad olacağına inamını qoruyur.”
Rusiyalı ekspatlar arasında populyar onlayn qəzet olan The Moscow Times cümə günü Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən “xarici agentlər” siyahısına əlavə olunub. Bu, Rusiyanın xəbər mediası və Ukraynadakı müharibəsini tənqid edən müxaliflərə qarşı davamlı təqiblərinin ən sonuncusudur.
Xarici agent təyinatı fiziki şəxsləri və təşkilatları artan maliyyə yoxlamalarına məruz qoyur və onların hər hansı ictimai materialına nəzərəçarpacaq şəkildə onların xarici agent elan edildiyinə dair nişanın daxil edilməsini tələb edir. Bu nişan həmin qurum və ya şəxsin etibarını sarsıtmaq məqsədi daşıyır.
Bu addımın 2022-ci ildə Rusiya ordusunu və onun Ukraynadakı müharibəsini gözdən salan kimi görünən materiallara görə sərt cəzalar nəzərdə tutan qanunun qəbulundan sonra redaksiya əməliyyatlarını Rusiyadan köçürən The Moscow Times-a necə təsir göstərəcəyi bəlli deyil.
Rusiya 2015-ci ildə qəbul edilmiş və bu cür təşkilatlara üzvlüyü cinayət hesab edən qanuna əsasən, Kremli tənqid edən insanları və təşkilatları metodik olaraq hədəfə alaraq, bir çoxunu xarici agent, bəzilərini isə “arzuolunmaz” adlandırıb.
The Moscow Times ingilis və rus dillərində dərc olunur, ancaq onun rus dilindəki vebsaytı Ukrayna müharibəsi başlayandan bir neçə ay sonra Rusiyada blok edilib.
Ukrayna ordusu cümə günü sosial mediada bildirib ki, onlar cənubda Xerson şəhəri yaxınlığında Dnipro çayının şərq sahilində “bir neçə körpübaşları üzərində mövqeyini möhkəmləndirib.”
Rusiya Ukrayna qüvvələrinin qarşı sahildəki bəzi əraziləri geri aldığını etiraf edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cümə günü yaydığı hesabatda bildirib ki, Ukrayna qoşunları Ukraynanın nəzarətində olan qərb sahilindəki mülki əraziləri atəşə tutmasını dayandırmaq üçün Rusiya qüvvələrini Dniprodan uzaqlaşdırmağa çalışır.
Ukrayna həmçinin cümə günü bildirib ki, Rusiyanın 2022-ci ilin fevralənda hərbi müdaxiləsi başlayandan bəri onlar Qara dənizdə Rusiya donanmasının 15 gəmisini məhv edib, daha 12 gəmiyə ziyan vurub.
Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk televiziya ilə yayımlanan şərhlərində bildirib ki, Ukrayna Rusiyanı dəniz qüvvələrini Kyivin silahlarının çatmasını çətinləşdirən başqa mövqelərə köçürməyə məcbur edib.
O deyib ki, Rusiya həmçinin logistika problemlərindən əziyyət çəkir, çünki gəmilərini Novorossiyskə, vaxtaşırı isə Tuapseyə köçürməyə məcbur olub ki, hər iki liman Krımın cənub-şərqində Qara dənizin şərq cinahında və Ukraynadan daha uzaqda yerləşir.
Associated Press və Reuters döyüş meydanı ilə bağlı iddiaları müstəqil şəkildə təsdiq edə bilməyib. Rusiya adətən hərbi aktivlərinə dəyən ziyanı qəbul etmir və Ukraynanın əksər hücumlarını dəf etdiyini bildirir.