İranda həbs edilən ispaniyalı futbol azarkeşi azad edildikdən sonra vətənə qayıdıb

Avropadan Qətərə Futbol üzrə Dünya Çempionatına gedərkən İran hakimiyyəti tərəfindən casusluq ittihamı ilə bir ildən artıqdır saxlanılan ispaniyalı futbol azarkeşi çərşənbə axşamı öz ölkəsinə qayıdıb.

İtkin düşəndə 41 yaşında olan Santyaqo Sançes Madridin Barajas hava limanına saat 13 radələrində enib. Orada onu böyük bir izdiham qarşılayıb.

"Çox uzun və çox çətin oldu. Amma mən burada, öz ölkəmdəyəm", ailəsi və dostları ilə emosional görüşdən sonra Sançes hava limanında jurnalistlərə deyib.

"Biz bu ölkədə doğulduğumuz üçün nə qədər şanslı olduğumuzun fərqində deyilik" - deyə, o, İspaniyaya istinad edərək əlavə edib.

Sançes haqqında son məlumat onun 2022-ci il oktyabrın 1-də İraq-İran sərhəddində üzərində "İrana giriş" yazdığı şəklini dostlarına göndərən zaman alınıb.

İspaniya vətəndaşı Santiaqo Sançes İran həbsxanasından azad edildikdən sonra Madrid hava limanında anasını qucaqlayır, 2 yanvar 2024.

İspaniya hakimiyyəti daha sonra onun casusluqda ittiham olunduğunu təsdiqləyib və onun azadlığa buraxılması üçün çalışdığını bildirib.

Onun həbsi məcburi geyim qaydalarına əməl etmədiyi iddiası ilə həbs edilən kürd əsilli 22 yaşlı Məhsa Əmininin həbsdə olarkən ölməsindən sonra İran tarixində ən böyük etiraz aksiyalarının keçirildiyi vaxta təsadüf edib.

Onun azadlığa buraxılması dekabrın 31-də İranın İspaniyadakı səfirliyi tərəfindən açıqlanıb və bildirilib ki, bu, "iki ölkə arasında dostluq və tarixi əlaqələr çərçivəsində və İran qanunlarına uyğun olaraq" baş verib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bazar ertəsi xəbəri təsdiqləyərək, X sosial media platformasında yazıb: "Bu gün böyük xoşbəxtlik baş verdi. Nəhayət, Santyaqo çox yaxında İspaniyadakı ailəsi və dostlarına qovuşacaq".

"Nəhayət kabus bitdi", hava limanında oğlunun gəlişini gözləyən Sançesin anası Celia Kogedor jurnalistlərə deyib.

O, İspaniya rəsmilərinə, xüsusən də İspaniyanın İrandakı səfirinə göstərdikləri səylərə görə təşəkkür edərək, "onların yardımı olmasaydı, o, illər boyu İranı tərk edə bilməzdi" deyib.