İsraillilər HƏMAS-la döyüşlərin bitməsindən sonra nə baş verəcəyi haqda düşünür

Your browser doesn’t support HTML5

İsraillilər HƏMAS-la döyüşlərin bitməsindən sonra nə baş verəcəyi haqda düşünür

Qəzzada İsraillə HƏMAS arasındakı müharibə ilə bağlı atəşkəs çağırışlarının artdığı bir zaman israillilər döyüşlərin bitməsindən sonra nə baş verəcəyi haqda düşünürlər. Qəzza sərhədi boyunca yaşayan icmalar evlərinə qayıtmaq və özlərini təhlükəsizlikdə hiss etmək istədiklərini deyirlər.

Oktyabrın 7-də HƏMAS militantlarının evləri dağıtması, 1200-ə yaxın israillini öldürməsi və 240-a yaxın insanı girov götürərək, Qəzzaya aparmasından sonra Kfar Aza kibutzu və İsrailin Qəzza ilə sərhədinə yaxın olan digər icmaların yaşayadığı məkanlar kabus şəhərlərinə çevrilib.

İsrail Qəzza yaxınlığında yaşayan 200 minə yaxın israillini təxliyə edərək, onları otellərə və müvəqqəti sığınacaqlara yerləşdirib. Bu insanların əksəriyyəti evlərinə oktyabrın 7-də baş verənlərin bir daha təkrarlanmayacağına əmin olduqdan sonra dönmək istədiklərini deyirlər.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etməyin yeganə yolu HƏMAS-ı tamamilə məhv etmək, sonra isə Qəzzada İsrailin təhlükəsizlik nəzarətini qoruyub saxlamaqdır. "Qəzza silahsızlaşdırılacaq və bundan sonra Qəzza zolağından İsrail dövlətinə təhlükə olmayacaq. Və belə bir təhlükənin olmamasını təmin etmək üçün İsrail Müdafiə Qüvvələri lazım olduğu müddət terrorun qarşısını almaq üçün Qəzza zolağında təhlükəsizliyə nəzarəti davam etdirəcək".

Qəzzada mülki əhali arasında ölənlərin sayı artdıqca, İsrailin əsas müttəfiqi ABŞ pisləşən humanitar böhranı azaltmaq üçün ona təzyiqi artırır. ABŞ dövlət katibi Antoni Blinken: "Son həftələr həddən artıq çox fələstinli öldürüldü, həddən artıq çox insan əziyyət çəkdi və biz onlara dəyən zərərin qarşısını almaq və onlara çatacaq yardımı maksimum dərəcədə artırmaq üçün əlimizdən gələni etmək istəyirik".

İsrail liderləri Qəzzaya humanitar yardım göstərilməsinə qarşı olmasalar da, onlar deyirlər ki, HƏMAS-ın əsirliyində olan 240 nəfəri girov saxladıqca atəşkəsdən söhbət gedə bilməz. Bunu həm də girovların ailələri və onların minlərlə israilli tərəfdarı tələb edir. Analitiklər atəşkəsin strateji səhv olacağını deyir. İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren: "İsrail üçün atəşkəs sadəcə olaraq HƏMAS-ın qalib gəlməsi, kütləvi qətllərə görə cavab verməməsi və İsrailin məğlubiyyəti deməkdir. Biz nə ərazimizdə təhlükəsizliyi, nə də regionda çəkindirmə gücümüzü bərpa edə biləcəyik. Düşmənlərimiz anlayacaqlar ki, hər dəfə bizi vurduqdan sonra biz özümüzü müdafiə etməyə başlayanda beynəlxalq ictimaiyyət atəşkəslə əl-qolumuzu bağlayacaq".

Lakin əvvəl-axır döyüşlər sona çatacaq və Qəzzanın yenidən bərpası və onun 2,3 milyon sakininin həyatının idarə olunmasına kimsə cavabdeh olmalı olacaq.

ABŞ bildirir ki, hazırda İordan çayının qərb sahilini idarə edən Fələstin Muxtariyyətinin sonda Qəzzada nəzarəti ələ keçirəcəyini nəzərdə tutur. Lakin müşahidəçilər deyirlər ki, fələstinlilərin əksəriyyəti Fələstin Muxtariyyətini zəif və korrupsioner kimi görür. Netanyahu həmçinin Fələstin Muxtariyyətinin Qəzzaya nəzarətinin əleyhinədir.

Təhlilçilər deyirlər ki, keçid həlli kimi bir növ beynəlxalq idarəetmə orqanı ola bilər. Yaxın Şərq Təhlükəsizliyi üzrə analitik Avi Melamed: "Yerli güclü suverenlik, yerli hakimiyyət qurmaq üçün vaxt lazımdır. Çünki İsrail əsasən Qəzza zolağını idarə etmək, Qəzza zolağında qalmaq istəmədiyini deyir. Beynəlxalq ictimaiyyət, ABŞ da Qəzzanın ikinci dəfə işğal olunmasını istəmədiyini deyir. Bu o deməkdir ki, günün sonunda Qəzza zolağı fələstinlilər tərəfindən idarə olunmalıdır. Lakin Qəzza zolağını idarə etmək üçün təşviq edilə və dəstəklənə biləcək bir idarə qurulana qədər bizə vaxt lazımdır."

Hələlik Qəzzada şiddətli döyüşlər davam edir, hər iki tərəfdən itkilər artır və bunun sonu görünmür.