Pakistan bazar ertəsi militantların ölkənin şimal-qərbindəki hərbi birləşməyə hücumu nəticəsində azı səkkiz əsgərin öldüyünü təsdiqləyərək, təhlükəsizlik qüvvələrinin saatlarla davam edən atışma zamanı 10 hücumçunun hamısını öldürdüyünü bildirib.
Ordunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) çərşənbə axşamı qarnizon şəhəri Bannuda səhər tezdən ölümcül basqının təfərrüatlarını açıqlayıb və bunun qonşu Əfqanıstanda yerləşən "terrorçular" tərəfindən təşkil edildiyini bildirib.
"Hərbi birləşməyə daxil olmaq cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən effektiv şəkildə alınıb və bu, terrorçuları partlayıcı ilə dolu avtomobili hərbi birləşmənin divarına vurmağa məcbur edib," Ordunun Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.
Məlumatda avtomobildə törədilən intiharçı hücumunun divarın bir hissəsini dağıtdığı, bitişik infrastrukturu zədələdiyi, nəticədə səkkiz əsgərin ölümünə bais olduğu bildirilib.
Hücumun başlanmasından az müddət sonra məsuliyyəti qlobal olaraq terror qruplaşması kimi tanınan "Təhrik-i-Taliban Pakistan"la (TTP) müttəfiq olan militantlar öz üzərinə götürüb. Bölgədəki bir çox təhlükəsizlik mənbələri hücum zamanı onlarla əsgərin yaralandığını bildirib.
Yerli polis və şahidlərin dediyinə görə, partlayışın intensivliyi yaxınlıqdakı evləri dağıdıb, bir neçə mülki şəxs yaralanıb.
Çərşənbə axşamı verdiyi bəyanatda hərbçilər hücumu "iyrənc terror aktı" adlandıraraq, pisləyib. Bəyanatda İslamabadın Əfqanıstanın Taliban hökumətinə "narahatlıqlarını daim dilə gətirdiyi" deyilib və "terrorçuların əfqan torpaqlarından davamlı istifadəsini inkar etməyi" dayandırmasını xahiş etdiyi qeyd edilib.
Bəyanatda heç bir açıqlama verilmədən Pakistan "Əfqanıstandan gələn bu təhdidlərə qarşı lazımi hesab etdiyi bütün tədbirləri görəcək" deyə, xəbərdarlıq edilib. Bu ilin əvvəlində Pakistanda hücumların kəskin artmasının ardınca Pakistanın qırıcı təyyarələri Əfqanıstanla sərhəd bölgələrində şübhəli "Təhrik-i-Taliban Pakistan" hədəflərini bombalayıb.
Xeybər-Paxtunxva sərhəd vilayətinin Bannu və ona bitişik rayonları üç il əvvəl Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra hərbi və polis qüvvələri demək olar ki, hər gün "Təhrik-i-Taliban Pakistan" tərəfindən hucumlara məruz qalır.
Pakistan Əfqanıstan de-fakto hökumətinin "Təhrik-i-Taliban Pakistan" liderləri və döyüşçülərinə getdikcə daha çox yardım etdiyini deyir. Taliban hökuməti ittihamları rədd edərək deyir ki, "Təhrik-i-Taliban Pakistan" Pakistanın daxili problemidir.
Birləşmiş Millətlər Təşkilatının bu ayın əvvəlində açıqladığı yeni hesabatında "Təhrik-i-Taliban Pakistan" Əfqanıstanda fəaliyyət göstərən "ən böyük terror qruplaşması” olaraq xarakterizə edilib və Taliban rejiminin hakimiyyəti ələ keçirməsindən sonra Pakistanda terror fəaliyyətini gücləndirdiyi qeyd edilib.
"Təhrik-i-Taliban Pakistan" Əfqanıstanda əhəmiyyətli miqyasda fəaliyyət göstərməyə və oradan çox vaxt əfqanlardan istifadə edərək, Pakistana terror əməliyyatları həyata keçirməyə davam edir" BMT-nin sanksiyaları monitorinq qrupunun hesabatında deyilir.
Hesablamalara görə, "Təhrik-i-Taliban Pakistan"ın Əfqanıstan ərazisində “6000-6500” döyüşçüsü var.