Türkiyə-Naxçıvan sərhədində 2 avtobus toqquşub, 8 nəfər ölüb (Yenilənib)

Avtobus qəzası (Foto Hürriyyət qəzetinin səhifəsindən götürülüb)

İğdırda avtobusların toqquşması nəticəsində ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır. Bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib.

Baş konsulun sözlərinə görə, qəzada ümumilikdə 28 nəfər xəsarət alıb: “Yaralıların 26 nəfəri Azərbaycan vətəndaşıdır. Yaralılar İğdır dövlət xəstəxanasına yerləşdirilib”, Quliyev qeyd edib.

***

Türkiyənin İqdır bölgəsində Naxçıvanla (Azərbaycan Respublikası) Türkiyənin Dilucu sərhəd məntəqəsinin yaxınlığında Naxçıvan-İstanbul və İstanbul-Naxçıvan reysi ilə işləyən iki avtobus toqquşub.

Iğdır Valisi Ahmet Turgay Alpman "Hürriyyet" qəzetinə bildirib ki, ilkin məlumata görə, avtobuslarda olan sərnişinlərdən 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb, 16 nəfər yaralanıb.

Naxçıvandakı qeyri-rəsmi mənbələr bildirir ki, hadisə yerində 11 nəfər ölüb, 20 nəfər yaralı var.

“Hər iki avtobusun Türkiyə vətəndaşı olan sürücüsü hadisə yerində ölüb. Ölənlərin 9 nəfəri Azərbaycan vətəndaşlarıdır”, mənbə qeyd edib.

Bununla yanaşı, rəsmi mənbələr hələ ölənlərin hansı ölkənin vətəndaşı olduğu barədə məlumat yaymayıb.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım heyəti cəlb olunub.