Son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatına görə, iyulun 19-da Bakı-İstanbul reysi ilə uçmaq istəyən Pakistan vətəndaşrı İqbal Mudassarın təqdim etdiyi pasportda Yunanıstana məxsus daimi yaşayış vizasının, iyulun 20-də Bakı-Frankfurt reysi ilə uçmaq istəyən İraq vətəndaşları Aldohuky Sherwan Bashir Yousif-in, AIdohuky Sahand Sherwan Bashir-in, Aldohuky Mohammed Sherwan Bashir-in pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olması müəyyən edilib.
İyulun 21- də “Biləsuvar” dövlət sərhədində buraxılış məntəqəsində İrandan gələn Azərbaycan vətəndaşı Salyan rayonunun sakini Elçin Hüseynovun əl yükünə baxış zamanı psixotrop dərman olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib.
İyulun 22-də “Şıxlı” dövlət sərhədində buraxılış məntəqəsində Gürcüstandan gələn Azərbaycan vətəndaşı Qazax rayonunun sakini Əlövsət İsmayılovun idarə etdiyi minik avtomobilinin yanacaq çənində gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olunub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.