Accessibility links

“Millətlər ona görə bir cür olur ki, onlar başqa cür ola bilmir,” Çarın İmperiyası: Əbədi Rusiya Boyunca Səyahət kitabının müəllifi Astolf de Küstin müşahidə etmişdi. Cəmi üç ay Rusiyada vaxt keçirmiş fransız müəllif bu cəmiyyətin bəlkə də ən mükəmməl portretini çəkmiş adam sayıla bilər. 1839-cu ildən çapdan çıxmış bu kitabı oxumaq Rusiyanı anlamaq deməkdir. Rusiya haqda minlərlə kitab yazılıb. Amma ingilis mütəfəkkir Teodor Dalrimplin sözlərincə desək, başqalarından fərqli olarq de Küstin rus cəmiyyətini bu cəmiyyəti təşkil edən insanların psixologiyasına nəzər salmaqla təhlil etməyə çalışıb. Nəticədə yaranan ədəbi məhsul siyasi rejimin və onun institutlarının insan xarakterinə, düşüncəsinə və hərəkətlərinə təsirlərini anladır, deyə Dalrimpl fransız səyahətçinin qlobal biliyə verdiyi töhfəni şərh edir.
Məmurların hədsiz nəzakətliliyi üzündən müsafir heç vaxt bələdçisiz bir yerə gedə bilmir. Heç vaxt tənha buraxılmayan adam özü üçün müstəqil mühakimə yürütmək imkanından məhrum edilir. Rusiyaya daxil olan adam təkcə pasportunu deyil, həm də azad iradəsini təhvil vermiş olur. Xəstəxanaya getmək istəyirsən? Həkim səni şəxsən özü gəzdirəcək. Qalaya baxmaq istəyirsən? Qubernator səni özü aparacaq. Məktəbə girmək istəyirsən? Direktor şəxsən səni müşayiət edəcək. Hansısa bir bina? Memar özü sənə bələdçilik edəcək.

De Küstinin rus cəmiyyətinə baxışları bir çoxlarının çox kiçik hesab etdiyi insidentlərə əsaslanır. Sankt Peterburqda sərhəd-keçid məntəqəsində üzləşdiyi situasiya müəllifdə qonaq gəldiyi cəmiyyət haqda ilkin rəy formalaşdırmaq imkanı vermişdi. Yazıçı Rudyard Kipling deyərdi ki, ölkənin anlamağın birinci şərti onu iyləməkdir. De Küstin Rusiyanı iyləməyə macal tapmamış, rus məmurlar sərhəddə onu çək-çevirə salmışdlar. Hər əşyanı uzun-uzadı yoxlayan, müsafiri yersiz sorğu-suala tutan adamlar təsəvvür edə bilməzdilər ki, onların gündəlik davranışı yüksək intellektli müsafirdə bunca böyük təəssürat buraxacaq: “Bu kişilərin hər biri öz borcunu lüzumsuz dəqiqliklə, bu adi işə məxsus olmayan qeyri-adi mühümlük havası ilə yerinə yetirirdi. Düzdür, açıq şəlkildə səsləndirmir, amma sənə verdiyi mesaj aydın görünürdü: ‘Yolumdan çəkil, mən nəhəng dövlət apparatının bir hissəsiyəm.’” Rus cəmiyyətinə fransız səyahətçinin gözü ilə baxmağa çalşan Dalrimpl hesab edir ki, müstəqil davranış imkanlarından büsbütün məhrum edilmiş bu adamlar öz varlıqlarını dövlətə subordinasiya ilə təsdiq edirdilər – elə bir subordinasiya ki, bunun doğurduğu qəzəbin qisasını onlar müstəbiddən yox, məhdud qaydada üzərlərində səlahiyyət olduğu adamlardan alırdılar.

“Rusiya fasadlar ölkəsidir,” deyən de Küstin ölkədə olduğu müddətdə rəsmilərin və məmurların ona göstərmək istədiyi fasadları yarmağa çalışırdı. De Küstinin nəzərində rusların qonaqpərvərliyində bir məqsəd qonağı razı salmaq idisə, o biri – daha mühüm məqsəd onu aldatmaq idi. Daim adamı getdiyi hər yerə müşayiət etməklə ev sahibləri əslində müsafirin hərəkət imkanlarını məhdudlaşdırır və ölkə haqda onda yaranacaq təsəvvürü tam formalaşdırmağa çalışdırlar. “Onların bu hədsiz nəzakətliliyi üzündən müsafir heç vaxt bələdçisiz bir yerə gedə bilmir. Heç vaxt tənha buraxılmayan adam özü üçün müstəqil mühakimə yürütmək imkanından məhrum edilir. Rusiyaya daxil olan adam təkcə pasportunu deyil, həm də azad iradəsini təhvil vermiş olur. Xəstəxanaya getmək istəyirsən? Həkim səni şəxsən özü gəzdirəcək. Qalaya baxmaq istəyirsən? Qubernator səni özü aparacaq. Məktəbə girmək istəyirsən? Direktor şəxsən səni müşayiət edəcək. Hansısa bir bina? Memar özü sənə bələdçilik edəcək.”

Despotizmin yaratdığı bu dəbdəbəli fasad cəmiyyətin düşüncəsinə o dərəcədə oturdulub ki, despotun özü də bu təfəkkürün əsirinə çevrilib. O, daim qorxu altında yaşayır – bu fasadın dağılacağından, insanların həqiqəti anlayacağından vahiməyə düşür. “Bütün dünyanı özünün əmrlərinə tabe edən adam hətta ən kiçik olaylarda belə inqilab işartıları görür. Hətta milçəyin yersiz vızıltısı da Çara xəcalət verir. Təbiətin müstəqilliyi onun üçün pis nümunədir. Cəmiyyətə tam nəzarəti əldə saxlamaq üçün çar casuslar ordusu qurmalıdır. O, həm bəşəriyyət üzərində pərvaz edən qartal, həm də həyatın bütün incəliklərinə soxulan bir həşəratdır.” De Küstinin nəzərində “20 il belə idarəçilikdən sonra Rusiya imperatorunun ağlını itirməməsi xüsusi düha tələb edir.”

Bütün despotizmlər kimi Çar Rusiyası da yalan üzərində qurulub. Ətrafdakı həqiqətdən yayınmaq üçün yaranan müntəzəm yalan danışmaq ehtiyacı insanları Allahın iki əsas nemətindən – “ruh və bu ruhun rabitəsi olan nitqdən” məhrum edib. Ruhları dağılmış insanlar ikiüzlü, hiyləgər, şübhəli, sinik, qaradinməz, qəddar və etinasız olurlar. Sitematik yalan səltənəti casus şəbəkəsindən asılıdır. Bu, tələb edir ki, hamı casus, çuğul olsun. “Casus yalnız espionaja inanır və əmindir ki, əgər sən onun şər-şəbəsədinsən qurtulsan, əvəzində o, sənin toruna düşəcək.” Sovet DTK-sı heçdən yaranmamışdı. Ondan öncə Rusiyada dəyişiklik etməyə çalışan qüvvələrə daim badalağ vuran Oxrana, ondan də əvvəl Üçüncü Şöbə var idi ki, bunlar rus cəmiyyətinin məhsulları olduğu kimi onun formalaşmasında olduqca mühüm rol oynamışdılar.
Bütün dünyanı özünün əmrlərinə tabe edən adam hətta ən kiçik olaylarda belə inqilab işartıları görür. Hətta milçəyin yersiz vızıltısı da Çara xəcalət verir. Təbiətin müstəqilliyi onun üçün pis nümunədir. Cəmiyyətə tam nəzarəti əldə saxlamaq üçün çar casuslar ordusu qurmalıdır. O, həm bəşəriyyət üzərində pərvaz edən qartal, həm də həyatın bütün incəliklərinə soxulan bir həşəratdır

Astolf de Küstinin əsərini oxumuş Qərbli müsafirlər üçün Sovet İttifaqında təəccüb doğuracaq az şey var idi. Müsair fransız tarixçisi Alain Besancon hesab edirdi ki, Sovet Rusiyası konspirasiya dövlətidir – yeganə dövlət ki, orada idarəçilik büsbütün casusluq, informantlıq üzərində qurulub. Çuğulluq rus cəmiyyətinin unikal xüsusiyyəti deyil, həm də onun mahiyyətidir. Bunu isə Astolf de Küstin artıq 19-cu əsrin əvvəlində özü üçün müəyyən etmişdi. Fransızlarda belə bir məsəl var: “Vəziyyət nə qədər dəyişirsə bir o qədər də eyni qalır” (Plus ça change, plus c’est la même chose). Çar Rusiyasını devirən inqilabçılar hesab edirdilər ki, onlar yeni dünya quracaqlar. Amma Rusiya öz keçmişinin əsiri idi – tarixin yükündən qurtulmaq o qədər də asan deyildi. Təsadüfi deyil ki, hətta Sovet İttifaqı dağıldıqdan sonra da Rusiyada hakimiyyətə gələn şəxs – Vladimir Putin – casus şəbəkəsinin nümayəndəsi idi. Və təkcə Rusiyada yox, Rusiyanın koloniyaları olmuş ölkələrdə də sabiq casus şəbəkəsinin təmsilçiləri öz təcrübələrinə uyğun olaraq çuğulluğa əsaslanan idarəçilik mexanizmini bərpa etdilər.

Daha çox Markiz de Küstin kimi tanınan zadəgan əsilli fransız əslində Rusiyaya gedəndə məramı tamam başqa idi. Babasını və atasını 1789-cu il inqilabı zamanı gilyotində itirmiş de Küstin istəyirdi ki, mühafizəkar Çar Rusiyasını nümunəvi dövlət kimi inqilabi Fransa ilə müqayisə etsin. Amma despotizmin reallıqları onu o dərəcədə dəhşətə gətirmişdi ki, de Küstinin qələmə aldığı xatirələr tiraniyanın izahlı tərifinə çevrildi. Səyahətinin əksər hissəsini müəllif Rusiyanın yüksək təbəqəsinin üzvləri ilə keçirmiş, çox yerə getməmiş və statistikaya qətiyyən məhəl qoymamışdı. Amma “pokazuxa” mədəniyyətininin arxasındakı həqiqəti sezən de Küstin aşkar etmişdi ki, cəmiyyəti şikəst edən tiraniya heç zaman azadlığın və liberalizmin alternativi ola bilməz. Bu baxımdan de Küstin təkcə Rusiyanı deyil, Rusiyanın timsalında bütün diktatorial dövlətlərin portretini çəkmişdi. De Küstinin Rusiya haqda yazdıqlarını rədd edən tənqidçiləri onun həmin ölkədə cəmi üç ay vaxt keçirdiyini deyərək istehza edirdilər. De Küstinin belə adamlara cavabı sadə idi: “Il est vrai, j’ai mal vu, mais j’ai bien déviné.” “Bəli, mən az görmüşəm, amma çox şeyi anlamışam.”

XS
SM
MD
LG