Accessibility links

Amnesty International təşkilatı N!da gənclər hərəkatının üzvlərinin həbsinə dair bəyanat yayıb. Amerikanın Səsinin (www.amerikaninsesi.org) əldə etdiyi məlumata əsasən Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu və Rəşad Həsənovun vicdan məhbusları olduğunu bildirən qurum Azərbaycan hökumətini dərhal bu gəncləri qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb.

Dörd N!da fəalının 8 və 15 martda həbs olunduqlarını bildirən Amnesty International onların dinc etiraz aksiyası təşkil etdiklərini bildirir. Fəallardan Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu 8 martda, Rəşad Həsənov isə martın 15-də həbs olunub.

N!da təşkilatının liderlərindən olan Turqut Qəmbərə istinad edən təşkilat fəalların vəkilə çıxışının məhdudlaşdırıldığını və təzyiq altında özünü ifşa edən bəyanatlar vermək üçün dövlət televiziyasına çıxarıldığını xəbər verir.

Avtoritar dövlətlərdə siyasi məhbuslardan işgəncə və təhdidlərdən sonra televiziyaya çıxarılaraq öz inancları əleyhinə bəyanat alınması geniş praktikadır.

Azərbaycan polisi fəalların evlərindən partlayıcı qurğular və narkotik tapdığını deyir. Keçmişdə Azərbaycan hökuməti bu növ ittihamlarla bir sıra müxalifətçini həbsə alıb.

Amerikanın Səsi xəbər verir ki, Amnesty International tutulanların işgəncəyə məruz qalmaması barədə xəbərdarlıq etmiş və Azərbaycan hökumətini söz və sərbəst toplaşma azadlığına hörmət etməyə çağırıb.
XS
SM
MD
LG