Accessibility links

Yeni GAMOH liderləri Təbriz zindanında aclıq aksiyasına başlayıblar [Audio]


Lətif Həsəni xanımı Əzəm Piri ilə birgə

Lətif Həsəni xanımı Əzəm Piri ilə birgə

Hər biri doqquz il həbs cəzasına məhkum edilmiş Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə iyulun 13-dən Təbriz zindanında aclıq aksıyasına başlayıblar. Təşkilatın başqanı Lətif Həsəninin xanımı Əzəm Piri həyat yoldaşı və digər dörd məhbusun durumu haqda Amerikanın Səsinə müsahibə verib.


Əzəm Pirinin sözlərinə görə, Yeni GAMOH üzvləri tutulma, sorğu-sual və mühakimə proseslərində baş verən qanunsuzluqlar, onlara qarşı çıxarılan ağır həbs cəzası, habelə apelyasiya məhkəməsində hüquqi prosedurun pozulmasına etiraz olaraq aclıq edirlər.

Yeni GAMOH liderləri

Yeni GAMOH liderləri

Şərqi Azərbaycan vilayəti Apelyasiya Məhkəməsinin hakimi Məhəmməd İmani beş milli fəalın vəkili tərəfindən hazırlanan apelyasiya ərizəsini rədd edərək, Təbriz İnqilab Məhkəməsinin onların hər birinə qarşı çıxardığı doqquz həbs hökmünü təsdiq edib.
“Sənəd Apelyasiya Məhkəməsinə getdikdən az müddət sonra hakim İmani 1500 səhifəlik sənədi oxumadan daha əvvəl verilən qərarı təsdiq edib. Apelyasiya məhkəməsində prokurorun nümayəndəsinin hazır olmaması kimi qeyri-qanuni məqamlar olub,” deyə Lətif Həsəninin həyat yoldaşı söyləyib.

Ötən aylarda Təbriz məhkəmələri ilə bağlı Amerikanın Səsinə müsahibə verən vəkil Musa Bərzin də hakim İmani ilə bağlı eyni fikirləri irəli sürmüşdü. “Apellyasiya Məhkəməsinin hakimi İmani ona gələn ərizələri oxumadan, İnqilab Məhkəməsi tərəfindən verilən hökmü eynən təsdiqləyir,” deyə güneyli vəki bildirmişdi.

Amerianın Səsinə İranın Kərəc şəhərindən müsahibə verən xanım Piri həyat yoldaşı cənab Həsəni, eləcə də Şəhram Radmehr və Mahmud Fəzlinin sağlıq durumunun yaxşı olmadığını bildirib. Onun fikrincə, aclıq aksiyası onların səhhətini daha da pisləşdirə bilər.

Məhbusun xanımı həyat yoldaşının insan haqları, demokratiya və “Güney Azərbaycanın öz müqəddəratını müəyyən etmək” haqqını əldə etməsi istiqmətində fəaliyyət göstərdiyini qeyd edib.
XS
SM
MD
LG