Accessibility links

Əlirza Abdullahi: Onlar məni həyat yoldaşımın həbsi ilə hədələyirdilər [Audio]


Əlirza Abdullahi

Əlirza Abdullahi

Milli-mədəni fəaliyyətləri üzündən dəfələrlə İranın təhlükəsizlik qurumları tərəfindən həbs və işgəncəyə məruz qalmış urmiyəli həkim və milli-mədəni fəal Əlirza Abdullahi Amerikanın Səsinə müsahibədə Ettelaat məmurlarının güneyli məhbuslara tətbiq etdiyi psixoloji və fiziki işgəncə metodları haqda danışıb. Üç aydan artıq Ettelaatın təkadamlıq kamerasında saxlanılmış güneyli fəal özü və əqidə yoldaşlarının İran İslam Respublikası zindanlarında yaşadığı təcrübələri şərh edib.


Hazırda Anakara şəhərində yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının idarə heyəti üzvü Əlirza Abdullahi 2002-ci ildən 2010-cu ilə qədər üç dəfə nəzarət altına alındığını bildirib. O, 1945-46 illərdə qurulmuş Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd etmək, məşhur Babək qalasında keçirilən milli mərasimlərə qatılmaq, habelə Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü olaraq fəaliyyətləri səbəbi ilə həbs və mühakimə edilib.

Güneyli həkim 2010 ili may ayının 22-də Urmiyədə həbs edildikdən sonra Təbrizə köçürülərək Ettelaat həbsxanasının təkadamlıq kamerasında 102 gün, Təbrizin Mərkəzi zindanında isə 48 gün saxlanılıb. GAMOH üzvü 102 gün müddətində ailə ilə görüşmə və vəkillə təmin olma hüququndan məhrum edildiyini deyir.

102 gün müddətində saxlanıldığım təkadamlıq kameranın hər zaman işığı yanırdı. Miqren xəstəsi olduğum üçün bu mənim üçün çox çətin idi.
“Tutulduğum zamandan bəri, həbsxanaya aparıldığımda, sorğu-sual zamanları və hətta ayaqyoluna getdiyimdə gözlərim qapalı olurdu... Onlarla əməkdaşlıq etməsəm həyat yoldaşımı da həbs edəcəklərini deyirdilər. Onlar əslində mənimlə bərabər həbs edilən bəzi fəalların həyat yoldaşını həbs edərək bu təhdidlərinə əməl etdilər... 102 gün müddətində saxlanıldığım təkadamlıq kameranın hər zaman işığı yanırdı. Miqren xəstəsi olduğum üçün bu mənim üçün çox çətin idi. Sorğu-suala çəkildiyim zaman məmurlar arxadan yumruqla döyürdülər...”

Abdullahi həmçinin həmin günlərdə eyni ittihamla həbs edilmiş fəallar Yürüş Mehrəlibəyli (Ayət) və Yunus Süleymaninin məruz qaldığı işgəncələr haqqında danışıb. Onun dediklərinə görə, Mehrəlibəyli 10 gündən artıq ayaqları üstündə durmağa məcbur edilib, Süleymani isə elektroşok aldıqdan sonra huşunu itirib.

“Yürüş Mehrəlibəyli nəşr etdiyi Qar Çiçəkləri; Tutuqlama, sorğulama və işgəncə altında adlı kitabçada 2010-cu ildə həbsdə olduğu zaman məruz qaldığı psixoloji və fiziki işgəncələri ətraflı şəkildə açıqlayıb,” deyə Abdullahi hazırda Rəcayi-şəhr zindanında həbsdə olan Yürüş Mehrəlibəylinin zindan xatirələrini oxumağı milli fəallara tövsiyə edib.

“Milli fəalları ədliyyə zabiti deyil təhlükəsizlik zabiti nəzarət altına alır,” deyə qeyd edən Abdullahinin sözlərinə görə, həbs prosesində ilk qanunsuzluq elə fəalların nəzarət altına alındığı zaman baş verir.
XS
SM
MD
LG