Accessibility links

Amnesty International: Tofiq Yaqublunu və İlqar Məmmədovu dərhal azad edin!


Tofiq Yaqublu və İlqar Məmmədov

Tofiq Yaqublu və İlqar Məmmədov

Azərbaycan dərhal və qeyd-şərtsiz qondarma ittihamlarla dəmir barmaqlıqlar arxasında saxlanılan iki siyasi lideri azad etməlidir, deyə Amnesty International bəyanat yayıb.

Martın 17-də Şəki Dairə Məhkəməsinin Müsavat Partiyasının başqan müavini və ReAL hərəkatının lideri İlqar Məmmədova hökm oxuyacağı gözlənilir. Bu ərəfədə verdiyi bəyanatda beynəlxalq hüquq təşkilatı İsmayıllıda həbs olunan siyasi xadimləri vicdan məhbusu kimi dəyərləndirib.

“Azərbaycan rəsmiləri fərqli düşüncəni susdurmaq üçün əllərindən gələni edirlər. Tofiq və İlqar İsmayıllıda baş verənləri müşahidə etmək və bu haqda məlumat əldə etmək üçün getmişdilər. Onlar sadəcə hökuməti tənqid etdiklərinə görə cəzalandırılırlar," deyə Amnesty International-ın Avropa və Orta Asiya Proqramları direktorunun müavini Denis Krivoşeyev bildirib.

Tofiq Yaqublu və İlqar Məmmədov onlara qarşı irəli sürülən ittihamlara əsasən 12 il iş ala bilərlər. Onlar 2013-cü il, 23-24 yanvarda İsmayıllıda baş verən iğtişaşlar zamanı həbs olunublar. Hökumət siyasi liderləri iğtişaşları qızışdırmaqda ittiham edir.

"Müxalif səslər Azərbaycanda hakimiyyətdə olan adamların qətiyyən veclərinə deyil. Tofiq Yaqublu və İlqar Məmmədov dərhal azad olunmalı və onlara qarşı irəli sürülən qurama ittihamlar ləğv olunmalıdır," deyə Krivoşeyev bildirib.
XS
SM
MD
LG