Accessibility links

Helsinki Komissiyasında Azərbaycana dair dinləmələr [Video]


Konqresmenlər, diplomatlar və ekspertlər ABŞ-Azərbaycan münasibətlərini müzakirə etdilər

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrə Senator Ben Kardin rəhbərlik etdi. "ABŞ-Azərbaycan münasibətlərində Təhlükəsizlik, İqtisadiyyat və İnsan Haqları" başlıqlı dinləmədə ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tom Melia, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin, Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer ifadə verdilər.

Azərbaycanın ABŞ üçün strategji əhəmiyyətini vurğulayan Ben Kardin ikitərəfli münasibətlərin üç sütuna – təhlükəsizlik, enerji və insan haqlarına söykəndiyini qeyd etdi. O, Azərbaycan hökumətinin Qərb təmayüllü siyasət yürütdüyünü, enerji sahəsində sərgilədiyi əməkdaşlığı önə çəkdi, amma eyni zamanda insan haqları sahəsində mövcud olan problemlərə toxundu.

Senator Kardinin fikirlərini paylaşdığını deyən Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin Azərbaycanla əməkdaşlığın gələcəyinə inamla baxdığını söylədi və mühüm strateji tərəfdaş münasibətlərinin inkişafına ümidini ifadə etdi.

Ölkədə insan haqlarının pisləşdiyini deyən ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviriTomas Melia ReAL hərəkatının sədri ilqar Məmmədov, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və bir sıra başqa siyasi fəalların həbsini dinləmə iştirakçılarının diqqətinə çatdırdı. Onun sözlərinə görə pisləşmə tendensiyası Emin Milli və Adnan Hacızadənin 2009-cu ildəki həbsindən sonra vüsət aldı.

“ABŞ öz tərəfdaşından insan haqlarına bu cür münasibət gözləmir,” deyə cənab Melia Azərbaycan rəsmilərinin müxalifət və sivil cəmiyyət liderlərinin ölkədən gediş-gəlişinə qoyduğu qadağalara diqqət çəkdi. Bu xüsusda o, AXCP sədri Əli Kərimliyə pasport verilməməsini tənqid etdi.

Azərbaycanda sabitliyin yalnız insan haqlarına hörmətə əsaslana biləcəyini vurğulayan Tomas Melia rəsmi Bakını 20-ci əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik siyasi irsini davam etdirməyə çağırdı. Dinləmələrə qoşulan Senator Roger Wicker Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini qeyd etdi və Azərbaycan hökumətinə ABŞ-a Əfqanıstan və başqa təhlükəsizlik sahələrində göstərdiyi yardıəma görə təşəkkürünü bildirdi. Azərbaycanın çətin geosiyasi qonşuluqda mövcud olduğunu qeyd edən Mississipi senatoru rəsmi Bakının xarici siyasətdə ehtiyatlı davrandığını anladığını söylədi.

Dinləmələrin ikinci yarısında çıxış edən Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer Azərbaycanda daxuili siutasiyanın müxtəlif aspektlərinə diqqət çəkdilər.

Xanım Lanskoy ölkədə həbslərin vüsət aldığını və siyasi məhbusların çoxaldığını bildirdi. O, vurğuladı ki, Azərbaycan hökumətinin QHT-lər haqda qanunda etdiyi mürtəce dəyişikliklər ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərə ziddir. O, Amerikanın Səsinə müsahibəsində Azərbaycan hökumətinin QHT-lər haqda qanunda etdiyi mürtəce dəyişikliklərin ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olduğunu vurğuluyub:
“Qanunda son iki dəyişiklik bizdən vəsait əldə edən QHT-lərə ciddi problemlər yaradıb. İnsanlar qrantları qeydiyyatında çətinlik çəkirlər. Hətta qeydiyyatdan keçmiş QHT-lər, hansı ki, qrantları qeydiyyatdan keçiriblər, maliyyəni banklardan çıxarmaqda çətinliklə üzləşirlər. Çox narahatedici vəziyyətdir, çünki bu, QHT-lərə ciddi problemlər yaradır. Bunun düzələciyinə ümid edirəm”.

Xanım Lanskoy xüsusilə 3 həftə sonra Azərbaycan keçiriləcək Avropa Parlament Assambleyasının iclası ərəfəsində bu dinləmələrinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Brenda Şaffer Azərbaycana ilk dəfə olaraq Sovet dönəmində səfər etdiyini və o vaxtdan bəri bu ölkə ilə təmasları genişləndirdiyini söylədi. Xanım Şaffer Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd etdi. Onun sözlərinə görə Azərbaycanda yəuhid azlığına bəslənilən münasibət region üçün nümunəvi xarakter daşıyır. Xanım Şaffer həmçinin İranda yaşayan milyonlarla azərbaycanlının durumuna toxundu və hazırkı İran rəhbərliyinin Azərbaycanın güclənməsindən ehtiyat etdiyini önə çəkdi. Brenda Şaffer Azərbaycanı çətin geosiyasi regionda ABŞ-ın dəyərli müttəfiqi kimi dəyərləndirdi.
XS
SM
MD
LG