Accessibility links

Bloq: Məramdankənar Fəsadlar


İranlılar Tehran küçələrində nüvə anlaşmasını bayram edir. 14 iyul, 2015.
İranlılar Tehran küçələrində nüvə anlaşmasını bayram edir. 14 iyul, 2015.

İranla nüvə razılaşması əldə edilən günün sonunda neft qiymətləri dünya birjalarında sürətlə enməyə başladı. Beynəlxalq neft standartı sayılan Brent xam neftinin barreli dəyərini 2 faiz itirərək $56.43, Şimali Amerika bazarlarında standart sayılan West Texas Intermediate (WTI) isə $50.88-ə düşdü. Dünya neft ehtiyatlarının 10 faizini təşkil edən 157,530 milyon barrel neftə sahib olan İranla beynəlxalq qüdrətlər arasındakı anlaşma indəyədək ağır iqtisadi, ticari sanksiyalarla üzləşən İslam Respublikasına öz məhsulunu daha sərbəst bazara çıxarmağa imkan yaradır. Bəs bu, neft qiymətləri və qlobal siyasi düzənin perspektivləri üçün nə vəd edir?

2012-ci ildə ABŞ və Avropa İttifaqı İranın enerji və maliyyə sektorlarına sərt sanksiyalar tətbiq etdikdən sonra ölkənin neft ixracı ikiqat azalmışdı. ABŞ Enerji Departamentinin rəqəmlərinə görə 2011-ci ildə 2.6 milyon barrel neft hasil edən İranın məhsuldarlığı 2014-cü ildə gündəlik 1.4 milyon barrelə enmişdi. USA Today qəzetinə danışan enerji analisti Sara Vaxsuri deyir ki, İrana sanksiyaların aradan qalxması 2020-ci ilədək bu ölkəyə gündəlik neft hasilatını 4.2 milyon barrelə qaldırmağa imkan verəcək. Hazırda İranın dünya bazarlarında neft istehsalının dəyəri ilə 60 milyard dollar təşkil edir. Vaxsuri neft qiymətlərinin sürətlə ucuzlaşacağını deyir. Belə ki, İranın körfəzdə saxladığı tankerlərdə 37 milyon barrel neft növbəti müştərini gözləyir.

Computer Hopeİranın neft ixracatını artırmaq səyləri bütün başqa neft istehsalçıları üçün ən pis vaxta təsadüf edir,” deyə Barclays şirkətinin təhlilçisi Michael Cohen Wall Street Journal qəzetinə bildirir. ”Belə ki, bazarda təchizatın səviyyəsi onsuz da çox yüksəkdir.” Neft təchizatı bir yana, dünyanın başqa guşələrində baş verən proseslər də neft ölkələri üçün ümidverici deyil. Çində səhm birjalarının enişi enerjiyə nəhəng təlabatı olan ölkənin müştəri statusunu zəiflədir. O biri tərəfdən ABŞ-da, eləcə də İraq və Səudiyyə Ərəbistanında neft istehsalı rekord həddə çatıb.

Heç kəs neftin hasilatını azaltmaqda maraqlı görünmür. Əvvəla aparcı neft istehsalçılarının karteli olan OPEC-in bazarlarda neft qiymətlərinə əvvəlki təsir gücü yoxdur. “Son 20-30 ildə OPEC bir düyməni basmaqla vəziyyəti istədiyi şəkildə dəyişə bilirdi,” deyə Oklahoma Müstəqil Petrol Assossiasiyasının prezidenti Mike Terry bildirir. Amma indi onların belə qüdrəti yoxdur. ConocoPhilips şirkətinin rəhbəri Ryan Lance neft bazarındakı hazırkı durumu tsunamiyə bənzədir. Onun sözlərin görə dünya boyu baha yanacaq qiymətlərinə öyrəşmiş hasilatçılar oyunda qalmaq uğrunda çarpışırlar.

İranın neft ixracatını artırmaq səyləri bütün başqa neft istehsalçıları üçün ən pis vaxta təsadüf edir.
Michael Cohen

Hərə baş verənlərə bir cür reaksiya verir. Ərəblər maksimum neft hasil etməkdə davam edirlər. 1980-ci illərdə neft qiymətləri kəskin ucuzlaşanda səudiyyəlilər süni olaraq hasilatı azaltmışdılar. Ondan sonra neft qiymətləri bahalaşdı, amma səudiyyəlilər etimadlarını və bizneslərini itridikləri müştəriləri geri qaytarmaqda böyük problemlərlə üzləşdilər. Onlar həmin situasiyanın təkrarını arzulamırlar. Bu arada Prezident Barak Obama neftin bolluğunu nəzərə alaraq ilk dəfə olaraq Amerika neftinin xaricə satışına icazə verilməsinə can atır. Yeni neft hasilatı üsulları və şist yataqları sayəsində dünyanın az qala bir nömrəli neft istehsalçısına çevrilmiş Amerikanın neft bazarına daxil olması enerji sektorunda situasiyanı kökündən dəyişib.

İranla razılaşmanın ABŞ daxilində və İsraildəki tənqidçiləri bu anlaşmanın on illərdir qlobal terrorizmə sponsorluq edən dövləti gücləndirəcəyini deyirlər. Hələ də “Amerikaya Ölüm!”, “İsrailə Ölüm!” bağıran liderləri olan ölkə ilə razılığın nə dərəcədə effektiv olacağına çoxu skeptik yanaşır. Hətta hər şey düzgün işləsə belə, 10 il sonra İranın nüvə silahı inkişaf etdirmək hüququnu bərpa etməsi əsaslı narahatlıq yaradır. İngiliscə “law of unintended consequences” yəni “məramdankənar fəsadlar qanunu” deyilən anlam var ki, buna əsasən baş verən bir hadisə bəzən tamamilə gözlənilməz və hədəfdə olmayan proseslərə start verir. Ola bilsin, İran üzərindən sanksiyaların qalxması teokratik hökumətə beynəlxalq arenada legitimlik gətirsin, onun ömrünü uzatsın. Amma nəhəng ehtiyatlara malik İranın neft bazarına daxil olması bütün iqtisadiyyatlarını neftə oturtmuş və neft qiymətlərinin daim baha qalacağına hesab aparan bir çox başqaları üçün fərqli fəsadlara yol aça bilər.

XS
SM
MD
LG