Accessibility links

Ekologiya Nazirliyi isti hava ilə əlaqədar xəbərdarlıq edir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava ilə əlaqədar xəbərdarlıq edib.

Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq.

Belə ki, Bakıda və Abşeronda hava gündüz 37-39 dərəcəyə, bəzi yerlərdə 40 dərəcəyə qədər isinəcək. Cənub küləyi istilik hissini artıracaq.

Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Aran rayonlarında gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyə qədər isti olacaq. Şərq küləyi əsəcək. Dağlarda hava 31 dərəcəyə qədər isinəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.

“Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər,” o bildirir.

XS
SM
MD
LG