Accessibility links

Bakıda EducationUSA təhsil sərgisi açılıb


Amerika-Azərbaycan bayraqları, təhsil proqramı
Amerika-Azərbaycan bayraqları, təhsil proqramı

ABŞ-ın Azərbaycandakı səfirliyi, Bakı Amerika Mərkəzi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə Bakıda “EducationUSA” adlı təhsil sərgisi açılıb.

Sərgidə azərbaycanlı tələbələrin ABŞ-da təhsil arzularına çatmasına kömək etmək məqsədilə 30-dan çox universitet və müxtəlif təqaüd proqramları nümayiş olunub.

Dillər Universitetinin elmi işlər üzrə prorektor Novruz Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetində Bakı Amerikan Mərkəzi 15 ildən çoxdur fəaliyyət göstərir.

“Bu illər ərzində universitetimiz Bakı Amerika Mərkəzi və ABŞ-ın ölkəmizdəki səfirliyi ilə çox möhkəm əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas məqsədi azərbaycanlı gənclərin ABŞ-ın nüfuzlu universitetlərində təhsil alması və müxtəlif proqramlar keçməsidir”, o qeyd edib.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib ki, ABŞ dünyada təhsildə aparıcı ölkələrdən biridir.

“Dünyada ən yaxşı universitetlər, kolleclər və icma kollecləri Amerikada mövcuddur”.

Hüqo Qevara deyib ki, Azərbaycanda “EducationUSA” proqramının təqdimatı və sərgi çərçivəsində tələbələr, şagirdlər və valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunları və ABŞ-ın Azərbaycandakı səfirliyinin işçiləri ilə görüşüblər, onlar maraqlandıqları suallara cavab alıblar.

"EducationUSA" ABŞ Dövlət Departamenti tərəfindən idarə olunan 400-dən çox ölkədə 170-dən çox mərkəzdən ibarət beynəlxalq tələbə məsləhət mərkəzləri şəbəkəsidir. Şəbəkənin əsas məqsədi ABŞ-da akkreditə olunmuş ali təhsil müəssisələri haqqında dəqiq və müvafiq məlumat verməklə ABŞ-da ali təhsili təşviq etməkdir. "EducationUSA" ABŞ-da ali təhsil haqqında rəsmi məlumat mənbəyi kimi xidmət edir.

"EducationUSA" Məşvərət Mərkəzi Bakıda Beynəlxalq Təhsil üzrə Amerika Şuralarının nəzdində fəaliyyət göstərir. ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə "EducationUSA" hər il iki yarmarka təşkil edir: ABŞ ali təhsil sərgisi və "EducationUSA" məzunlar sərgisi. Bundan əlavə, "EducationUSA" davamlılıq proqramı və rəqabətli Kollec Klubu kimi proqramları asanlaşdırır.

XS
SM
MD
LG