Accessibility links

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri “SpaceX” şirkətinin qurucusu İlon Maskla görüşüb


Rəşad Nəbiyev və İlon Mask
Rəşad Nəbiyev və İlon Mask

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, X (keçmiş twitter) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb.

Bu barədə ABŞ-da səfərdə olan nazir Rəşad Nəbiyev avqustun 11-də X platformasında (keçmiş twitter) paylaşım edib.

“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - o qeyd edib.

Xatırladaq ki, bu il mayın 9-da Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” və ABŞ-ın “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.

“Azərkosmos” tərəfindən Azərbaycanda artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər”, məlumatda qeyd edilir.

“SpaceX” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yer kürəsinin hər bir nöqtəsini peyk interneti ilə təmin etməyi hədəfləyir. Şirkət peyklərin orbitə buraxılmasına 2018-ci ildən başlayıb və indiyədək 4000-dən çox peyk orbitə buraxıb.

Bakıda oktyabrın 2-6-da Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. “SpaceX” şirkəti Bakı Konqresində iştirak edəcəyini təsdiqləyib.

Forum

XS
SM
MD
LG