Accessibility links

Prezident Əliyev: Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları keçib


Prezident Əliyev: Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları keçib
Prezident Əliyev: Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları keçib

Dövlət başçısı deyib ki, hazırda işsizliyin səviyyəsi 5,5 faizdir. Son doqquz ayda 74 min yeni iş yeri açılıb. Son səkkiz ildə isə açılan iş yerlərinin sayı 950 minə çatıb.

Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 24-də Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
Prezident Əliyev 2011-ci ilin ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olduğunu, qarşıda duran əsas sosial-iqtisadi məsələlərin həllini tapdığını bildirib.
O güclü sənaye potensialının yaradılması vəzifəsinin də uğurla həyata keçirildiyini, istehsal müəssisələrinin fəaliyyətinin gücləndirildiyini deyib.
Qeyd olunub ki, bu ilin doqquz ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Bu dövrdə ölkənin maliyyə vəziyyəti daha da yaxşılaşıb, valyuta ehtiyatları artıb. Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollar artaraq 40 milyard dolları keçib.

Aztəminatlı təbəqənin sosial cəhətdən daha yaxşı müdafiəsi üçün ciddi addımların atıldığını deyən dövlət başçısı bildirib ki, ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir. Cənab Əliyevin fikrincə, ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı böyük işlər görülüb. “Hazırda işsizliyin səviyyəsi 5,5 faizdir. Son doqquz ayda ölkədə 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimidir. Bununla da son səkkiz ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb”.
Dövlət başçısı ölkə üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bu məsələdə hələ ki, ciddi nəticəyə nail olunmadığını bildirib.
Prezident Əliyev bildirib ki, ilin sonunadək makroiqtisadi sabitlik qorunub saxlanılacaq. “Bu il əhalinin pul gəlirləri 19 faiz artıb və bu gəlirlər inflyasiyanı 2 dəfədən çox üstələyib”.

O 2012-ci ilin dövlət büdcəsinin investisiya və sosial yönümlü olduğunu deyib. “Gələn il dövlət büdcəsinin xərcləri 22 milyard dollar, icmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaq”.

Prezident İlham Əliyev yeni hədəf də müəyyənləşdirib. “Növbəti 10 ildə Azərbaycanda ÜDM ən azı iki dəfə artmalıdır”.
Azərbaycan prezidenti korrupsiya ilə mübarizənin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Cənab Əliyev enerji təhlükəsizliyindən danışarkən deyib ki, Abşeron yatağının kəşf olunması ilə Azərbaycanın qaz ehtiyatlarının artıq 2,6 trilyon kubmetrə çatıb.

XS
SM
MD
LG